Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzinin yerləşdiyi bina XX əsr memarlığının nümunəsidir. Vaxtilə binanın ərazisində tanınmış polyak memarı Yozef Ploşkonun layihəsi əsasında 1909-1912-ci illərdə inşa edilmiş və 1931-ci ildə bolşeviklərin göstərişinə əsasən dağıdılana qədər fəaliyyət göstərmiş kostyol mövcud olmuşdur.

Ötən əsrin 30-cu illərində o zaman vahid bir qurum olan dövlət daxili işlər və təhlükəsizlik orqanları üçün Bakıda mədəniyyət klubunun yaradılması qərarına gəlinir. 1938-39-cu illərdə sonralar "Dzerjinski klubu" kimi tanınan binanın inşası aparılsa da, II Dünya Müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri yarımçıq qalır. 1947-ci ildə Azərbaycan Dövlət Layihə İnstitutunun layihəsinə əsasən binanın tikintisi tamamlanır.

1951-53-cü illərdə baş mühəndis Həsən Məcidovun rəhbərliyi altında müəyyən tikinti-tamamlama işləri aparılan binada uzun müddət dövlət əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu qəbildən olan tədbirlərə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilmiş qurultaylar, Dövlət Təhlükəsizlik Komitəsi, daxili işlər orqanları, sərhəd qoşunlarının yubiley mərasimləri aid edilə bilər. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2008-ci il tarixli qərarına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzinin yerləşdiyi bina bu qurumun balansına verilmişdir. Əsaslı təmir-tikinti işlərindən sonra Mədəniyyət Mərkəzinin binasının rəsmi açılışı ilə bağlı mərasim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 14 mart 2009-cu il tarixdə keçirilmişdir.

Yüksək keyfiyyətli səs və işıq avadanlığı ilə təchiz edilən Mədəniyyət mərkəzində 600 nəfərlik konsert salonu, 100 nəfərlik kiçik zal, konfrans zalı və 120 nəfərlik restoran yerləşir.