Prezident İlham Əliyev: Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur

rehberlik
Tədbirlər 25 Oktyabr 2019

Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.

“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu, Oman Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haeni, Liviyanın Baş Naziri Faiz Saracı, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olini, Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidunu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinhi, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogonu, Sudanın Prezidenti Abdul-Fattah Al-Burhanı, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodiki, Cibutinin Prezidenti İsmail Ömər Qellehi, Qananın Prezidenti Nana Akufo-Addonu, Əlcəzairin Prezidenti Abdelkader Bensalahı, Namibiyanın Prezidenti Haqe Qotfrid Qeynqobu, Venesuelanın Prezidenti Nikolas Maduronu, Esvatininin Kralı III Msvatini, Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qanini, Kubanın Prezidenti Migel Diaz-Kaneli, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovu, İranın Prezidenti Həsən Ruhanini, Pakistanın Prezidenti Arif Alvini qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Zirvə Görüşünü açaraq təşkilata üzv bəzi ölkələrin dünyasını dəyişən keçmiş dövlət və hökumət başçılarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.

Nikolas Maduro çıxışında Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür etdi. Maduro Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini dedi və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan etdi.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verildi.

Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli qonaqlar, xanımlar və cənablar.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün bütün iştirakçılarını səmimiyyətlə salamlayır və hər birinizə “Xoş gəlmisiniz!” deyirəm.

2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela Bolivar Respublikasına təşəkkürümü bildirirəm.

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm.

Prezident.az

Digər xəbərlər