12:45
Dövlət Təhlükəsizliyi Xidməti anti-terror əməliyyatı keçirib
10 noyabr 2020-ci ildə Azərbaycan
Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin
imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd
rayonunun Hadrut
qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı
birləşmələri qalmışdır.
Ermənistanın rəsmi dairələrinə istinadən
erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik
ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən
çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin
komandanlığına müraciət etmişdi.
Azərbaycan tərəfi haqqında bəhs olunan erməni
silahlı dəstələrinin ərazidən çıxarılması ilə bütün şəraiti təmin etmişdir.
Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin
əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni
silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri
tədbirlərin görüldüyünü bildirmişdir.
Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı
qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşmüş”, “azmış”
olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyəsi üçün məsuliyyətlə
və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir.
Həmin erməni silahlı dəstələri ərazini tərk
etməmiş, əksinə döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə
Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara
qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Belə ki, 2020-ci il
noyabr ayının 26-da
işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin
ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3
hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi
yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması
işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell”
şirkətinin əməkdaşı ağır yaralanmışdır.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək
məcburiyyətində qalmışdır.
Ermənistanın bəzi rəhbər şəxslərinin və
erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya
sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli
sürməsi qəbuledilməzdir.
Ermənistan tərəfi üçtərəfli bəyanatın
müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına
və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı
dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə
təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi
halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən
çəkinməlidir.
Azərbaycan Respublikası üçtərəfli bəyanatın
müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx
əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün
səylərini davam etdirir.