16:05
Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik
Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru ordu
generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə
olmuşdur.
Səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi
ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli
Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilmişdir.
Görüşdə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının
Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr
2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq
normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti,
sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş
şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin
müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik
sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Eyni zamanda zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün
müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edilmişdir.