15:45
Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati
binasının təntənəli açılışı olmuşdur.
Tədbirdə Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa
Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun
yüksək rütbəli zabitləri iştirak etmişlər.
Əvvəlcə binanın qarşısında
1992-ci ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa
şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov
Dövlət bayrağını qaldırmışdır. Dövlət himni səsləndirilmişdir.
Binanın açılışını bildirən rəmzi
qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müstəqil Azərbaycanın
qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə
ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Həmçinin Ulu
Öndərin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham
Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının
tarixini əks etdirən fotostendlərə baxmışlar.
Tədbir iştirakçıları Azərbaycan
Respublikasının hüquq mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata
keçirilməsinin növbəti təcəssümü olaraq DTX Şuşa Rİ-nin müasir üslubda təmir
edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə
tanış olmuşlar.
DTX-nin kollegiya üzvlərinin və
Şuşa Rİ-nin rəhbərliyinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən
general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi
xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi
ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da
qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş
Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində
rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etmiş, Azərbaycanın çoxəsrlik
tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazmışdır.
Dövlətimizin başçısı tərəfindən
hüquq mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik
Əli Nağıyev, DTX Şuşa Rİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də
məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd etmişdir. DTX-nin rəisi əməkdaşların
məsuliyyətli, eyni zamanda böyük etimad olaraq Şuşa şəhərində öz xidmətlərini
daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də
müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə
minnətdarlığını bildirmişdir. Xidməti müşavirədə DTX Şuşa Rİ-nin şəxsi heyəti
qarşısında konkret vəzifələr qoyulmuşdur.
General-polkovnik Əli Nağıyev Şuşa
Rİ-nin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etmiş və uğurlar
arzulamışdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşmüş, onlara
DTX-nin bayram sovqatları təqdim edilmişdir. Sonra tədbir iştirakçıları Şuşa şəhərində
qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır
düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa etmişlər.