19:20
Yüksək bal toplamış kursantlarla görüş keçirilmişdir
2020-ci ildə respublikamızın
ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr
göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına
Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü
keçirilmişdir.
DTX-nin rəisi
general-leytenant Əli Nağıyev kursantları təbrik etmiş, onlara təhsildə
müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran
vəzifələrdən danışmışdır.
Xidmət rəisi Ümummilli lider
Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil
olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük
məsuliyyət tələb etdiyini bildirmişdir. General-leytenant Əli Nağıyev gənclərin
təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin,
ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması
istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli
maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini
bildirmişdir.
Görüşdə çıxış edən
kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya
görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət
təhlükəsizliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək
üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər
qazanacaqlarını ifadə etmişlər.
Sonra general-leytenant Əli
Nağıyev kursantlara hədiyyələr təqdim etmişdir.
Qeyd
olunmalıdır ki, DTX-nin xüsusi ali təhsil müəssisəsinə
2020-2021-ci tədris ili üçün qəbul
imtahanlarında 600 bal və daha yuxarı nəticələr göstərmiş kursantların sayı əvvəlki
illərlə müqayisədə üstünlük təşkil etmiş, ən yüksək bal isə 685 olmuşdur.