Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib.
Dövlətimizin başçısı cənab İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında nitq söylədi.
Prezident cənab İlham Əliyevin nitqi:
- Hörmətli
deputatlar, hörmətli xanımlar və cənablar.
Altıncı
çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə bütün deputatları
ürəkdən təbrik edirəm, onlara uğurlar arzulayıram.
İlk növbədə,
beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürümü
bildirirəm. Beşinci çağırış Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin
uğurlu inkişafı istiqamətində böyük rol oynamışlar, parlament tərəfindən qəbul
edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir.
Əminəm ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə,
ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi
işinə öz töhfəsini verəcəkdir.
Fevralın
9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər
bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki,
o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas
səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin
işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə
seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə
1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş
apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə
çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir
ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində,
seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki,
bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan
xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan
xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan
hadisələr bunu bir daha göstərir.
Biz seçkiləri
müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət
etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm
kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək
olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın
inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki,
Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri
real mənzərəni əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə
ki, reallığı əks etdirir. Eyni zamanda, Azərbaycanda seçki prosesinə həmişə
ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi
qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim
etməyə çalışmışdılar. Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və
4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması
üçün Azərbaycan özü maraqlıdır. Seçkidən sonrakı proseslər bir daha onu göstərir
ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki
hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə,
öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq
və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan
xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir.
Eyni
zamanda, hesab edirəm ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar
çox obyektiv bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni
seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində,
seçkilərin tanınması deməkdir. O ki qaldı, ATƏT-in Demokratik Təsisatlar və
İnsan Haqları Bürosunun rəyinə, bu dəfə görünür ki, ciddi hadisə baş vermədiyi
üçün onlar da məcbur olub öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış
formada təqdim etsinlər. Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri
seçkilərdən əvvəl yazılır və harada yazılır, onu da biz bilirik. Bir də ki,
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki bəyanatları
və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə
qeyri-obyektiv, qərəzli olmasını göstərir və nümayiş etdirir ki, bu qurum
siyasi sifariş icra edir. Son misal 2018-ci ildə Ermənistanda keçirilmiş
parlament seçkiləri idi. Bildiyiniz kimi, bu seçkilər ovaxtkı hakim faşist
respublikaçılar partiyası tərəfindən tam saxtalaşdırılmışdı, - mən bu partiyanı
faşist adlandırıram, təkcə onların ideologiyasına, onların mahiyyətinə görə
yox, eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs görsün,
faşist Almaniyasının emblemi ilə onların emblemi fərqlənmir, - və
Respublikaçılar partiyasının özünə 50 faizdən çox səs yazdırdığı bu
saxtalaşdırılmış seçkilərə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu
müsbət rəy vermişdi. Bir sözlə, bu saxtakarlığa şərik çıxmışdır və ondan
sonrakı hadisələr hər kəs üçün bəllidir. Ondan sonra bu qanunsuz və
korrupsioner rejim devrildi, onları guya Ermənistan parlamentində təmsil edən
deputatlar təslim oldu, əllərini qaldırdılar, boyunlarını bükdülər və kənara çəkildilər.
Yeni parlament seçkiləri elan edildi və yeni parlament seçkilərində
respublikaçıların faşist partiyası heç parlamentə girə bilmədi. Yəni, bu, nəyi
göstərir? Onu göstərir ki, 2 və ya 3 ay ondan əvvəl saxtalaşdırılmış seçkilərin
nəticələri göz qabağındadır və bu nəticələrə, bu saxtakarlığa ATƏT Demokratik Təsisatlar
və İnsan haqları Bürosu öz müsbət rəyini vermişdi. Yəni, sadəcə olaraq, bunu
misal kimi gətirməklə bir daha demək istəyirəm ki, bu qurumun rəyi bizim üçün
tamamilə əhəmiyyətsizdir. Çünki bu rəy yenə də siyasi sifariş əsasında yazılır
və bu, elə bil ki, bəzi dövlətlərin aparıcı dairələrinin bir təzyiq üsuludur.
Bir məsələni
- müşahidəçiləri də qeyd etmək istərdim. Bir məsələ də məni, sözün düzü, təəccübləndirdi.
Deyə bilərəm ki, biz müşahidəçi qismində dəvət etdiyimiz bütün təşkilatları bu
seçkilərdə görmüşük. Ancaq Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki
birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən
eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul
olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri
bizim üçün tamamilə əhəmiyyətsizdir. Ancaq bildirməliyəm ki, belə meyillər bizə
qarşı bu gün də müşahidə olunur.
Beləliklə,
biz bu təşkilatı dəvət etmirik. Onlar isə bəyanat yayırlar ki, bu seçkiləri
müşahidə etməkdən imtina edirlər. Bu, ən yumşaq sözlə desəm, siyasi
saxtakarlıqdır. Çünki biz sizi dəvət etmirik, biz sizi burada görmək istəmirik,
biz sizə inanmırıq. Belə olan halda gəlib deyəsən ki, biz imtina edirik, bu,
gülməlidir və təəccüblüdür.
Bir sözlə,
seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq
olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət
istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir.
Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi
işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr
seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal
qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan
xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin
zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də
təəccüblüdür.
Beləliklə,
bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı
parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli
addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini
qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər
qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar
bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər.
Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli
Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə
qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində,
parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən
hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri
sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki,
Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım
atır.
Deyə bilərəm
ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək,
eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək
olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu
görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir.
Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar
mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq
aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına
siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və
ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir.
Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli
qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda,
uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır.
Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi
üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda
çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi
partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu
praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda
çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası
kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün
lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin
gündəliyində duran məsələlərdən biri olacaqdır.
Bir sözlə, həm
seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi
partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini
əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi,
islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra
başlamışdır. Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan
etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır.
Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında
heç bir fərq yoxdur.
İslahatlar həm
konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları
aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni
tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin
yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi
təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər
Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr
islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və
aparılacaq. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün
xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi,
həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir
daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti
də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri
görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.
Ona görə
islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab
edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir.
Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində.
Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir
ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan
qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra
strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş
qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni
zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq
onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident
Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis,
deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş
qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər
belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.
Ona görə
hesab edirəm ki, bütövlükdə, - əlbəttə, bu, vaxt aparacaq, amma hər halda bunu
etmək lazımdır, - biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım
olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat
yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr
baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə bu qanunlar doqma deyil,
onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti
islahatları dərinləşdirməkdir. Ona görə qeyd etdiyim kimi, siyasi sistemin
formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, əlbəttə
ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən
qanunlar qəbul edilməlidir.
Hesab edirəm
ki, bizim milli dəyərlərimizlə, milli ənənəvi dəyərlərimizin qorunması ilə
bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
İnformasiya
mühafizəsi ilə bağlı. Çünki biz informasiya dövründə yaşayırıq və saxta xəbərlər,
yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır və
istənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Biz Azərbaycan
olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi
bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir. Amma
bunun fəsadları odur ki, bizə qarşı informasiya kampaniyası aparılır - qara
piar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniya.
Ona görə informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi ilə əlaqədar
mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır.
Sosial siyasətlə
bağlı. Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir.
Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı
əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq
qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz
yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına
qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını
genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə
qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır.
Gənclər
siyasəti ilə bağlı. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda
demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli
təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində,
- vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki,
qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə
almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet
dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim
olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki
sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə
ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona
görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər.
Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini
davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da
qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır.
Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda
çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini
qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və
beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon
axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar
etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət
qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın
daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri
xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu
gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə
nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə
qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq
altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların
heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən
cinayətdir və bunu heç kim unutmasın.
Son illər ərzində
biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz
yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik,
sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən
üstündür. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların
üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa
bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə
qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin.
Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də
çox diqqətli olmalıdırlar.
O ki qaldı,
gənc nəslə, yenə də deyirəm, bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə
bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə
demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə almalıdırlar. Eyni
zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata
keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə
məşğul olub konkret təkliflər irəli sürəcəklər.
Əlbəttə,
deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar,
seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi
deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç
öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi
problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar
kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa
torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır.
Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi
cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də
budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə,
struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər.
Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də,
onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında
cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə
daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız.
Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra
orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə
çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə
də uğurlu fəaliyyət göstərəcək.
Beynəlxalq fəaliyyətlə
bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil
olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək
idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini
çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir,
beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə
qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan,
böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir.
Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə
sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət
qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri
ortaya qoymalıdırlar. Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən
sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada
açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni
xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir. Bir tərəfdən Rusiya
generalı Sisianov, bir tərəfdən İbrahim xan, özü də rusca yazılmışdır İbrahim
xan “Karabaxski Şuşinski”. Bax, budur real tarix. XX əsrin əvvəllərində Rus
imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki,
orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki
torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları,
orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman
ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər
tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm.
Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu
geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan
rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik ki,
təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə
elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı
kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır.
Əlbəttə ki,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda
biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir.
Xocalı soyqırımı haqqında. Artıq 10-dan çox ölkənin parlamenti bunu rəsmən
tanıyıb. Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal
olmalıdırlar. Çünki bu qərarların qəbul edilməsində dövlət qurumları böyük dərəcədə
əsas rol oynayırlar. Ona görə parlament fəal olmalıdır. Bu, artıq beynəlxalq
münasibətlər çərçivəsində qəbul edilmiş faktdır. Ermənistan tərəfinin çox
yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi
və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtakarlıqdır. Onlar
tarixi Azərbaycan torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan
Xalq Cümhuriyyətinin köməyi ilə. İndi bütün tarixi adlarımızı dəyişdirib bizim
tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə deputatlar
daim bu məsələni qaldırmalıdırlar.
Bütövlükdə
beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü
olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi
getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə
görüşmüsən, hansı məsələni qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini
xatırladır. Getdik, görüşdük, oturduq, danışdıq, yedik, qayıtdıq. Özü də bəzi səfərlər,
ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma
bilirəm nə baş verir, hansı hadisələr baş verir. Ona görə biz beynəlxalq fəaliyyətimizin
səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma
var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni,
onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq
lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək
yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır.
Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün
siyasətçi olmaq lazım deyil. Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə
demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər törədirlər. Avropanın
dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında,
dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar,
öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər,
çürüdürlər onları. Göz qabağındadır, dinc nümayişçiləri itlərlə, atlarla
dağıdırlar. Bir ölkədə yox, iki ölkədə yox, demək olar ki, bu, indi bizi tənqid
etmək istəyən məkanda kütləvi hal alıbdır. Müsəlman miqrantlara qarşı baxın,
necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar.
Sonra isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!
İndi də
bütün vasitələrdən istifadə edib onları əzmək fikrindədirlər. Bəs o miqrantlar
haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər?
Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi
pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu
edibsə, qoy, onun acısını da çəksin. Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4
milyon qaçqını qəbul etməlidir, yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir?
Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin salanlar gəlib onlara
sahib çıxsınlar.
Bütün
bunları demək lazımdır. Mən bu gün bu kürsüdən bunu deyirəm, açıq, heç kimdən çəkinmədən.
Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz. Əlbəttə, bax,
görərsiniz, bu sözlərdən bir neçə gündən sonra yenə çirkin məqalələr çıxacaq,
yenə hansısa bir qondarma təşkilat nəsə bəyanat verəcək ki, Azərbaycanda o,
pisdir, bu, pisdir. Eybi yoxdur, qoy desinlər. Amma biz bu həqiqətləri deməsək,
sabah bu, bizim başımızda sınacaq. Ona görə bunu deməliyik və siz də deməlisiniz.
Mən bütün deputatlara deyirəm, heç bir sövdələşməyə getmək olmaz. Beynəlxalq təşkilatlarla
işləmək lazımdır, biz də işləyirik, ancaq bizim maraqlarımız var və kifayət qədər
arqumentlərimiz var. Ona görə mən sizi bu mübarizəyə çağırıram - həm Avropa
Şurasında, həm ATƏT Parlament Assambleyasında, həm də bütün başqa təşkilatlarda.
Beləliklə, hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar bizim ölkəmizin
mövqeyini daha da gücləndirəcək.
Əlbəttə ki,
parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Mən hesab
edirəm ki, hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, parlamentdə daim
ünsiyyətdə olmalıdırlar, onlara suallar verilməlidir, onlar gördükləri işlər
haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə
salmalıyıq. Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm
parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və
təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət
ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur,
heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə
bu da bir nəzarət mexanizmi olmalıdır.
Mən indi vətəndaşlara
ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ
öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir
ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar
da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi
Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər
bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər.
O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt
lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində
daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan
alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu,
böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim
təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə
yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət
veririk.
O ki qaldı,
iqtisadi islahatlara, onlar da göz qabağındadır. Təkcə şəffaflıq hesabına keçən
il biz büdcəyə proqnozdan 1 milyard manat çox vəsait daxil etdik və bu proses
davam etdirilir. Bu ilin iki ayında vergi orqanları proqnozdan əlavə 181 milyon
manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar, məhz şəffaflığa
görə, məhz kölgə iqtisadiyyatına qarşı mübarizəyə görə. Kölgə iqtisadiyyatına
qarşı mübarizə öz nəticəsini verməkdədir və getdikcə kölgə iqtisadiyyatının əhatə
dairəsi daralacaq. Əlbəttə, bunu bir gündə etmək mümkün deyil, bu, bir
prosesdir, amma indi bütün hökumət qurumları səfərbər edilib və bu işdə fəaldırlar.
İki ayın iqtisadi göstəriciləri də çox müsbətdir. Ümumi daxili məhsul 2,8 faiz
artıb, qeyri-neft sektorunda isə yanvar-fevral aylarında 6,7 faiz artıb, biz əsas
göstərici bunu sayırıq. Qeyri-neft sənaye istehsalı sahəsində artım 21,7
faizdir. Bu da son illər qeyri-neft sektorunun inkişafına görədir. Çünki neft
sektorunda bu artım yoxdur, əksinə, hasilat düşür, qiymətlər də dünən tamamilə
çökdü. Deməli, əhalinin gəlirləri iki ayda 9 faiz artıb, inflyasiya cəmi 2,8
faizdir. Bu tendensiya əminəm ki, gedəcək. Düzdür, indi koronavirusla bağlı
dünyada gedən ajiotaj istər-istəməz bizə də təsir edir. Ancaq hesab edirəm ki,
biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq. Halbuki
indi bir çox ölkələr bundan ciddi əziyyət çəkir. Azərbaycanda isə operativ qərargah
yaradıldı və bu gün səhər mənə verilən məlumata görə, artıq xəstələnmiş vətəndaşların
sağalması prosesi də uğurla gedir. Karantində olanlar da artıq karantin müddətini
başa çatdırırlar və evlərə buraxılırlar. Yəni, vəziyyətə tam nəzarət edilir. Sərhədlərdə
də vəziyyət nəzarət altındadır və yük maşınlarının Azərbaycan ərazisindən keçməsi
üçün polis müşayiəti ilə xüsusi kolonlar formalaşdırılır. Yolda sürücülərə yemək
verilir ki, onlar maşınlarından tez-tez çıxmasınlar. Yəni, bütün lazımi tədbirlər
görülür.
Əlbəttə ki,
bütövlükdə parlamentin sosial sahə ilə bağlı fəaliyyəti çox fəal olmalıdır. Bu
sahə də bizim üçün prioritetdir, həmişə olduğu kimi. Qeyd etdiyim kimi, keçən
il önəmli addımlar atıldı, bu il də davam etdiriləcək. Xüsusilə aztəminatlı ailələrin
dövlət tərəfindən dəstəklənməsi işinə əlavə vəsait nəzərdə tutulur. Ünvanlı
sosial yardımla əhatə olunan ailələrin sayı artmalıdır, mənim göstərişimlə
orada müvafiq metodologiyada düzəlişlər edilir. Çünki əvvəlki metodologiya həqiqəti
əks etdirmirdi və hər ailəyə verilən məbləğ də artmaqdadır. Məcburi köçkünlərə
bu il 7 min mənzil veriləcək, bu, rekord göstəricidir. Şəhid ailələrinə 1500 mənzil
veriləcək, bu da rekord göstəricidir. Keçən il 934 mənzil verilmişdi.
Dinlərarası,
mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı bizim parlamentin də rolu çox təsirli
ola bilər. Beynəlxalq tədbirlərdə və Azərbaycanda keçirilən bir çox tədbirlərdə
bizim deputatlar fəal iştirak etməlidirlər. Biz öz dinimizə hörmət edirik.
Dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, başqalarının dinlərinə də hörmətlə
yanaşmalıyıq . Keçən ilin sonlarında Bakıda keçirilmiş Dünya dini liderlərinin
II Zirvə Görüşündə səslənən fikirlər onu göstərir ki, bu gün dünya miqyasında bəlkə
də Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul olan və ciddi nəticələr hasil edən
ikinci ölkə yoxdur. Həm müsəlman aləmi bizi dəstəkləyir, həm də İslam Əməkdaşlıq
Təşkilatı Azərbaycanda İslam dininə olan münasibətə görə bizi örnək kimi göstərir.
Həm Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill Azərbaycanda gedən dinlərarası
proseslərə müsbət qiymət verir, həm də Roma Papası Fransisk. Mən onunla artıq 3
dəfə görüşmüşəm, bir dəfə Bakıda, iki dəfə Vatikanda. Onun da Azərbaycanda bu
sahədə aparılan işlərə verdiyi qiymət çox yüksəkdir. Yəni, bunu mən demirəm.
Bunlar aparıcı ənənəvi dünya dini liderlərinin sözləridir. Əlbəttə ki, bu
istiqamətdə addımlar atılacaq.
Bununla bərabər,
biz Azərbaycanı müasir, dünyəvi dövlət kimi gücləndirməliyik. Dünyəvilik
prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha
geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Ancaq sözün düzü,
xatırlamıram ki, bu məsələ ilə bağlı əvvəlki dövrdə parlamentdə ciddi söhbət
aparılsın. Biz aparmalıyıq. Heç bir bağlı mövzu olmamalıdır. Çünki bizim gələcəyimiz
bundan asılıdır. Biz 20 il, 30 il, 50 il sonra hansı dövlətdə yaşamaq istəyirik.
Biz bilirik və xalq da bilir. Amma bunu təmin etmək lazımdır. Əgər oturub nəyisə
gözləyəcəyiksə, böyük problemlər yarana bilər. Ona görə biz bu sahədə də öz
siyasətimizi təmin etməliyik, bizim siyasətimizin üstünlüyünü göstərməliyik və
müqayisə etməliyik, çəkinmək lazım deyil. İstənilən tərəflə müqayisə etmək üçün
kifayət qədər arqumentlərimiz var, təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial
rifah, azadlıqlar. Ona görə parlament bu məsələlərlə ciddi məşğul olmalıdır və əminəm
ki, olacaq.
Bu seçkilər
bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi
kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə
müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq,
sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Artıq 27 ilə yaxındır ki, biz
sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş
vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması,
böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri
real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz
suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər,
çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim
qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab
kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu
qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə
baxın. Mən indi müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz. Deputatlar
Prezidentin deyə bilmədiyi sözü deməlidir və əminəm ki, belə də olacaq.
Ona görə bu
seçkilərin nəticələri görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik,
həm də sabitlik təmin edilir. Azərbaycan öz hərbi potensialını gücləndirib.
2016-2018-ci illərdə bizim hərbi qələbələrimiz hər bir Azərbaycan vətəndaşını fərəhləndirdi
və bizim ordumuzun gücünü göstərdi. Təsadüfi deyil ki, bizim ordumuz dünyanın
50 ən güclü ordusu sırasındadır. Bizim beynəlxalq mövqelərimiz kifayət qədər
möhkəmdir. Qoşulmama Hərəkatına üzv olmuşuq, ondan yeddi il keçmədi sədr
seçildik, özü də 120 ölkənin dəstəyi ilə. Bilirsiniz ki, o ölkələr arasında
ixtilaflar kifayət qədər kəskindir. İnanmıram ki, ikinci belə bir ölkə tapılsın
ki, yekdil səslə bu təşkilata sədrlik etsin. BMT-dən sonra bu, ən böyük beynəlxalq
təsisatdır. BMT-nin rəhbəri yoxdur, amma Qoşulmama Hərəkatının lideri var, bu
da Azərbaycandır.
Biz keçən il
Türk Şurasına sədrliyi öz üzərimizə götürmüşük və deyə bilərəm ki, türkdilli
dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Bütün
digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik,
Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz vardır.
Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə
sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində
böyük nüfuzumuz var. Budur, bizim beynəlxalq mövqelərimiz. Ona görə bizə hörmət
edirlər, ona görə bizim sözümüz keçir və eyni zamanda, ona görə ki, bizim siyasətimiz
birmənalıdır. Bizim siyasətimiz situativ deyil. Bizim siyasətimiz ədalətlidir və
sözümüzlə əməlimiz arasında fərq yoxdur. Mən öz sözümü bütün auditoriyalarda
deyirəm. Mənim üçün bir mövzu Azərbaycanda, bir mövzu xaricdə anlayışı yoxdur.
Hər bir məsələ ilə bağlı mövqe var, mövqe olmalıdır və mən bu mövqeni müdafiə
edirəm. Kimin xoşuna gəlir, gəlir, kimin xoşuna gəlmir, özü bilər. Bizi istəməyə
bilərlər məhz bu hərəkətlərimizə görə, bu müstəqil siyasətimizə görə. Amma bizə
hörmət edirlər. Bunu da mən dəfələrlə görmüşəm. Ona görə deputatlar da beynəlxalq
təşkilatlarda elə fəaliyyət göstərməlidirlər ki, daim hörmət göstərilsin.
Son 16 il ərzində
iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa,
desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz
iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Ondan sonra yoxsulluq, 50 faizə yaxın
idi, indi 4,8 faizdir və daha da aşağı düşəcək. Çünki maaşlar, pensiyalar artır
və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17
faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə
bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta
ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici
borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi
ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun.
Bu illər ərzində
iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən
çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır.
Biz kosmik dövlətə çevrilmişik, üç peykimiz var. Dünya Astronavtika Konqresi
2022-ci ildə Bakıda keçiriləcək və bu haqqı biz gərgin mübarizədə qazanmışıq.
Bu müsabiqədə 4 şəhər iştirak edirdi - Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı.
Biz bunu qazandıq. Nəyə görə? Çünki orada da bizə hörmət edirlər.
Mən belə
faktları çox sadalaya bilərəm. Təkcə enerji siyasətimizə baxmaq kifayətdir ki,
xalqımız, dövlətimiz və qitə üçün nələr etdiyimizi görək. Neft-qaz kəmərləri -
indi Cənub Qaz Dəhlizi başa çatmaq üzrədir. Biz bunu çox çətin geosiyasi vəziyyətdə
minimum itkilərlə etdik, demək olar ki, sıfır itkilərlə. Nəinki bunu etdik, hətta
yeddi ölkə arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq formatı yaratdıq. Bu ölkələr
artıq təbii dostlardır, müttəfiq olmasalar da, təbii dostlardır. Ona görə bu
sahədə də bizim rolumuz danılmazdır və biz bu sahədə liderik.
Nəqliyyat
sahəsində. Biz açıq dənizə çıxışı olmayan ölkəni nəqliyyat mərkəzinə
çevirmişik. Belə faktlar çoxdur və hər biri seçkilərə müsbət təsir göstərmişdir.
Parlamentə seçilmiş deputatların mütləq əksəriyyəti bu müsbət meyillərə düzgün
qiymət verir. Ola bilər ki, onların qələbəsi, o cümlədən bu amildən də
asılıdır.
Bu gün biz
müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə
qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki,
biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan
parlamenti bu işdə fəal olacaq. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar
arzulayıram. Sağ olun.