Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı,
faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli
hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti
dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu,
mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın
tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun
illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər
Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart
tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə
aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına
təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini
qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan
tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən
fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini
kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə
ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən
keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.
Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi
qəddarlıqla həyata keçirildi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci
il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının
yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri
ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün
Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan
Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara
qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı
proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin
süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən
divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması,
şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Dövlət terroru siyasətini özünün
başlıca məqsədinə çevirən Ermənistan Respublikasının Azərbaycan Respublikasına
qarşı hərbi təcavüzü, ölkəmizin işğal olunmuş ərazilərində erməni terrorçu-separatçı
silahlı birləşmələri əzəli, qədim və tarixi Azərbaycan torpağı olan Qarabağda
başladığı avantürist hərəkətin nəticəsi olaraq azərbaycanlılar soyqırımına, qətliamlara,
etnik təmizləmə vəhşətinə məruz qalıb. Bu gün bir milyondan artıq soydaşımız öz
doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı
qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub.
Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı
mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək
borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixin ötən 200 illik səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni
vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi
istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını
təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayınına gəlincə,
bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq
Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında
azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771
qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin
digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının
53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560
nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində
ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir.
Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin
86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından
digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi
ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra
araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən
toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan,
S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı
şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə
yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox
olub.
N.Nərimanov Şamaxı qırğını haqqında belə yazırdı: “T.Əmirovun və
S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl
qoymadan bütün azərbaycanlıları öldürdülər. Onlar hələ dünyada görünməmiş bir
cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə
toplayıb kerosin töküb yandırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda sovet
hakimiyyəti daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən
azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının
sovet hakimiyyətindən üz döndərməyə, öz burjuaziyasının hamiliyi altına keçərək,
ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”.
Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki,
ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla
parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan
çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış,
cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara
da rəhm etməmişdilər.
M.Ə.Rəsulzadə A.Y.Kluqeyə istinadla yazırdı: “Kluqenin, digər əcnəbilərin
o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan
fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığın qızlı-erkəkli cocuq ölüləri
üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir... Çılpaq bir qadın
yerə sərilmiş, ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir...”.
Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər
təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi.
Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn
etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər.
Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar
olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı
konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı
xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın
meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri
belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış,
eybəcər hala salınmış meyitlər…”.
Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8
dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində
30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50
mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son
rəqəmlər deyil.
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ
Prezidenti V.Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə
yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi.
Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə
heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən
general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə
görüşmüşdü. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən bolşevik və erməni-daşnak təşkilatları
Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq
kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya
qısa müddətdə çox böyük işlər görə bildi.
Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri
qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum
zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca
xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı,
1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza
qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları
atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda
siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı
soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü
elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə
təbliğat işində xüsusi mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar
bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün
guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur,
Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların
sayı getdikcə artır.
Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən 22 il ərzində aparılmış
araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Üzə çıxmış
tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni
terrorçularının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş
və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən
əsrin əvvələrində Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan
cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması
məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın
18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam
imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi
terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycanın
haqq səsi daha ucadan eşidilir.
Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın
və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri
və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla
düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə
formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb
olub.
AZƏRTAC-ın məlumatlarından istifadə edilib