16:50
DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Dövlət
Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd
olunmuşdur.
Bu
əlamətdar tarixlə əlaqədar DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin
əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri,
Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini
dərin ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da
xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra
DTX-nin şəxsi heyəti tərəfindən Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi
və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Azərbaycanın
Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarları
ziyarət edilmiş, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyulmuşdur.
DTX-nin əməkdaşları və veteranlarının
iştirakı ilə Xidmətin akt zalında keçirilmiş tədbirdə şəhidlərimizin və
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Xidmət rəisi Əli Nağıyev çıxış
edərək, təhlükəsizlik orqanlarının yaranma tarixi və təşəkkülü prosesindən, Ulu
Öndərin həm bu təsisatda rəhbər vəzifələrdə çalışdığı zamanlarda, həm də müstəqillik
qazanıldıqdan sonra təhlükəsizlik təşkilatının inkişafı üçün göstərdiyi
misilsiz və əvəzsiz xidmətlərdən, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi
altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab
verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açmış, təhlükəsizliyin
etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər
olunacağını demişdir.
Dünyanın bir çox yerlərində hərbi
qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğunun
regionda əməliyyat şəraitinə ciddi təsir etdiyini vurğulayan general-polkovnik
Əli Nağıyev ötən dövrdə xarici xüsusi xidmət orqanlarının və digər qüvvələrin
ölkəmiz əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin
qarşısının alınması istiqamətində DTX-nin gördüyü işlərdən və əldə olunmuş uğurlu
nəticələrdən də danışmışdır. Xidmət rəisi həmçinin DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq
tədbirləri nəticəsində ötən zaman ərzində qarşısı alınmış
dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq, terrorçuluğu
maliyyələşdirmə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı
münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratma, hakimiyyəti zorla ələ
keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə və sair cinayət faktları barədə geniş məlumat
vermişdir.
Daha sonra digər çıxış edənlər bu
orqanların keçdiyi tarixi yoldan, Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın
milliləşdirilməsi yönündə atdığı qətiyyətli və cəsarətli addımlardan, dahi rəhbərin
təhlükəsizlik təşkilatındakı fəaliyyəti ilə bu orqanlarda peşəkarlıq məktəbinin
əsasının qoyulmasından və bu məktəbin davamçıları olan DTX-nin əməkdaşlarının
öz fəaliyyətlərini müasir zamanın tələblərinə uyğun şəkildə qurmasından bəhs
etmişlər.
Çıxışlar bitdikdən sonra Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ali hərbi rütbələrə və yüksək
dövlət mükafatlarına layiq görülmüş DTX-nin əməkdaşlarının təltif edilməsi mərasimi
keçirilmişdir.
Tədbir DTX-nin və “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” sənədli filminin nümayişi ilə başa çatmışdır.