12:50
Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilir.
Cinayət
işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin
xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə
etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya
Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər
İttifaqı” adlandırılan təşkilatın
həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov
Rüstəm Məmməd İbrahim oğlu, eləcə
də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri
Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu,
Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ
keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi
barədə sövdələşmişlər.
Belə
ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici
ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik
Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici
xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi
ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların
törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai
qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması
istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif
rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz
oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul
vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri
qeyd olunan əməllərin törədilməsinə yönəltmişlər.
Cinayət işinin
materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, “Milyarderlər İttifaqı”
adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində
işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının
2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər
birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi
xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda
istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilmişdir.
Məlum
olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin
səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə bu
xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin
dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda
da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif
edilmişdir.
Qeyd olunan
ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli
Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə
gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında
hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və
xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında
Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret
detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə
gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışlar.
Eyni
zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə
olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək,
Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə
qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən
15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və
digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə
yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat
xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən
yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ
keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ
keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir.
Bundan
başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti
əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət
idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq
xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və
digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə
razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə
təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə
olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi
xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu
“Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş
texniki olaraq fiksə edilmişdir.
Bu
əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət
orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla
dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə
Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə
dövlətə xəyanət etmişdir.
Bundan
əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət
yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırmışdır.
Sadalanan
cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad
Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına,
habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn
hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla
saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla
dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2
(cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274
(dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə
cəlb edilmişdir.
Abbas
Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən
kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan
edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi
üzrə araşdırmalar davam etdirilir.