14:55
Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunmuşdur.
Xarici
xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə
yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması
istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq
tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev
Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranmışdır.
Araşdırmalarla müəyyən edilmişdir ki,
Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində
olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi
maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların
tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi
və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici
xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir.
Həmçinin
qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli
avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülmüşdür.
Siyafət Fərzəliyev Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun
komplekt hissələrini, doyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə,
başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət)
maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan
tədbiri seçilmişdir.
Hazırda
cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.