11:40
Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunmuşdur.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən
keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra
Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi
müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli
miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol
verməsinə əsaslı şübhələr yaranmışdır.
Müəyyən olunmuşdur ki, İslam Rzayev
Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi
dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti
və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil
etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almışdır.
Faktla bağlı DTX-nin İstintaq baş idarəsində
başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar
rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində
həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat
tədbirləri davam etdirilir.