20:15
Mənzil İnşaatı Dövlət
Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan
Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran
Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi,
Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipoteka
kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron
hökumət” portalı (www.e-gov.az) üzərindən
“Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci il tarixində
saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq
şəffaf şəkildə həyata keçirilmişdir.
İlk mənzil seçimi 21-ci
saniyədə baş tutub. Bu saata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrə
vətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdim edilmişdir.
Mənzillərin seçimi
prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış
operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan
Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom” MMC-nin və media nümayəndələrinin
iştirakı ilə nəzarət edilmişdir. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif
kiberhücum cəhdləri müşahidə edilmiş, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi
ilə həmin cəhdlərin qarşısı uğurla alınmışdır. Vətəndaşlar "Güzəştli mənzil"
sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun
istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməlidirlər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq
edilən informasiya təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər
operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin təhlükəsiz fəaliyyəti
daimi nəzarətdə saxlanılır.
Seçim mərhələsi başa
çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil”
sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə
mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim
prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş
etdirmişdir.
“Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri
vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin
seçimi isə 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci
il tarixində saat 11:00-dək davam edəcəkdir.
Qaydaya əsasən satış
müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən
də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən
edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində
müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək
mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə
baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə
qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin
ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu
seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə
qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil
hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə,
həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.
Qeyd edək ki, 03.12.2025-ci
il tarixində seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim
olunacaq.