17:35
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilmişdir.
Mayın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Tacikistan Respublikasının
paytaxtı Düşənbə şəhərində təşkil olunmuş MDB-yə üzv dövlətlərin təhlükəsizlik
və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 56-cı iclasında iştirak
etmişdir.
Tədbirdən əvvəl Tacikistan Respublikasının
Prezidenti Emoməli Rəhmon MDB ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini qəbul
etmiş, sonra iclas öz işinə başlamışdır.
MDB məkanında beynəlxalq terrorçuluğa,
transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa, dini ekstremizm və
radikalizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin
aparılmasının, habelə region ölkələrinin üzləşdiyi xarici təhdidlərin vaxtında
zərərsizləşdirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin
aparılmasının vacibliyi iclasın əsas müzakirə mövzusu olmuşdur. Qeyd olunmuşdur
ki, göstərilən istiqamətlərdə MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətinin
müasir dövrün çağırışlarına uyğun qurulması üçün bundan sonra da bütün imkanlar
səfərbər edilməli, qurumların qüvvə və vasitələrindən təhlükəsizliyə mənfi təsir
göstərən halların aradan qadırılması yönündə daima səmərəli istifadə
olunmalıdır.
Tədbir ərzində MDB dövlətlərinin xüsusi xidmət
orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin
qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılmışdır.