10:25
Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilmişdir.
Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin
xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərində
“Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq
konfrans keçirilmişdir.
Tədbiri
giriş nitqi ilə açaraq, qonaqları salamlayan DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev Əfqanıstana dair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq,
budəfəki konfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimi
qiymətləndirmiş, beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş, beynəlxalq
hüququn norma və prinsiplərinə riayət olunan dövlətin bərqərar olunmasına əhəmiyyətli
dərəcədə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Xidmət
rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimad əsasında qurulmuş
Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə də xalqlararası dərin tarixi-mədəni
bağlılıqdan danışaraq qeyd etmişdir ki, Azərbaycan hər zaman Əfqanıstanda
daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən
beynəlxalq təşəbbüsləri dəstəkləmiş, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməmişdir.
General-polkovnik
Əli Nağıyev Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq
terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni
miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək
verməsinin zəruriliyinə diqqət çəkmişdir.
Əfqanıstanda
vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror
qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmasında vahid mövqe ortaya
qoyulmasının tədbirin keçirilməsində əsas məqsədlərdən biri olduğunu vurğulayan
Xidmət rəisi Əli Nağıyev Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz
yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsinin vacibliyini qeyd
etmiş, bütün bunlar üçün region ölkələrinin və digər dövlətlərin koordinasiyalı
fəaliyyət və birgə səy göstərəcəklərinə inamını ifadə etmişdir.
Konfransda digər ölkələrin təmsilçiləri də mövzu ilə bağlı çıxışlar etmiş, tədbirin Əfqanıstanda sülhün və təhlükəsizliyin təminatı yönündə daha ciddi addımların atılmasına lazımi imkanlar açacağına, beynəlxalq aləm tərəfindən Əfqanıstanda davamlı sabitliyin formalaşmasına dəstək göstəriləcəyinə inandıqlarını bildirmişlər.