16:15
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanılmışdır.
5
mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı
Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə
birgə kompleks tədbirlər həyata keçirilmişdir.
İlkin
araşdırmalar zamanı müəyyən edilmişdir ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin
21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğun
təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməmişdir.
Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa
xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində
olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır
dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil vermişdir.
Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə
ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altında sızaraq,
alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına
ciddi təhlükə doğurmuş, ilkin emal
qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına
və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına, habelə yanacaq
materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan
vurulmasına səbəb olmuşdur.
Bundan
başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və
qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun
boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulmuş, ərazidə qaynaq işləri
aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun
yerləşdiyi torpaq sahəsinə axıdılmış, bununla da təkrar yanğın təhlükəsi
yaranmış, müəssisədə iş prosesi pozulmuş və maddi ziyan vurulmuşdur.
Faktla
bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri,
baş operator Qarayev Sadiq Hümbət oğlu saxlanılaraq Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının
pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Hazırda
cinayət işi üzrə ibtidai istintaq davam edir.