17:05
Vardanyan Ruben Karlenoviç barəsində cinayət işi məhkəməyə göndərilib
Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi,
Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə
bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş
idarəsində cinayət işinin istintaqı aparılıb.
Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda
Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka
Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ”
ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər
qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben
Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən
şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü
il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə
ona ittiham elan edilib.
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən
şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən
işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar
birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin
təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar
müharibəni planlaşdırma, aparma), 107 (əhalini
deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq
normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115
(müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma),
318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və
digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun
ittiham elan olunub.
İstintaq müddətində təqsirləndirilən şəxsin
müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin
edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri
tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə
uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İbtidai istintaqın başa
çatması barədə
təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər
iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər,
ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün
materialları ilə tanış edilib.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan
Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə
Bakı Hərbi Məhkəməsinə göndərilib.