09:00
Bakıda növbəti təhlükəsizlik forumu keçirilmişdir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın
ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal
nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II
Bakı Təhlükəsizlik Forumu keçirilmişdir.
Öncə tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
forumun iştirakçılarına müraciəti səsləndirilmiş, konfransın mövzusunu əhatə
edən videomaterial təqdim olunmuşdur.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev
qonaqları salamladıqdan sonra ötən ilin may ayında keçirilmiş və bu il yenidən təşkil
olunan Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat
mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi
baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Xidmət rəisi Əli Nağıyev həmçinin beynəlxalq terrorçuluqla və bütövlükdə
təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət
orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini
qeyd etməklə, tədbirin ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik
strukturlarının müzakirə aparmaları üçün önəmli platforma olduğunu nəzərə çatdırmışdır.
Xidmət rəisi builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi
olmadığına diqqət çəkərək, enerji resurslarının daşınmasında istifadə olunan
nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli
iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə
səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının
zəruriliyindən danışmışdır.
General-polkovnik Əli Nağıyev dövlətimizin başçısı cənab İlham Əliyevin beynəlxalq
aləmdə aktual olan məsələlərə dair tədbirlərin respublikamızda təşkil olunmasına
davamlı siyasi dəstək verdiyini vurğulayaraq, bu konfransın qlobal nəqliyyat dəhlizlərinin
təhlükəsizliyinin üzləşdiyi risklərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasına
və fəaliyyət strategiyasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə
əminliyini ifadə etmişdir.
Daha sonra tədbir xarici xüsusi xidmət orqanlarının nümayəndə heyəti rəhbərlərinin
mövzu ilə əlaqədar çıxışları ilə öz işini davam etdirmiş, sonda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı
Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının
iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilmişdir.