11:45
MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanlarının rəhbərlərinin növbəti iclası keçirilmişdir
Mayın
24-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik
və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilmişdir. Tədbirdə
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev iştirak etmişdir.
Beynəlxalq
terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin
aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlığı keçməklə cinayətkar
qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən
olunaraq fəaliyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən
olmuşdur. Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər,
mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin
yeni təhdidlərlə üz-üzə qaldığı, terror riskinin dəfələrlə artdığı və
kibercinayətkarlıq hallarının daha intensiv xarakter aldığı xüsusi
vurğulanmışdır.
Yuxarıda
sadalananlarla bərabər, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq
fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin
və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahürlərə
qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə
effektiv mübarizənin aparılmasının zəruriliyinə də toxunulmuşdur.
Tədbirdə
mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilmiş, ətraflı müzakirələr
aparılmış və gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanmışdır.