19:45
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunmuşdur
28 mart tarixi Ümummilli Lider Heydər Əliyevin 23 mart
1997-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanları
əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu gün təhlükəsizlik
orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.
Bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)
rəisi general-polkovnik Əli
Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik
orqanlarının fəxri rəhbəri, mənalı ömrünün 25 ilini bu orqanlarda şərəfli
xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin
ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülmüşdür.
DTX-nin əməkdaşları
daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından
keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən şəxsi şücaət göstərərək şəhidlik
zirvəsinə ucalmış təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını ziyarət
etmiş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Daha sonra DTX-nin Mədəniyyət mərkəzində Xidmətin əməkdaşlarının
və veteranlarının iştirakı ilə peşə
bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbir açıq elan
olunduqdan sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak
olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni
səsləndirilmişdir. Ardınca Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik
tarixindən bəhs edən “Xüsusi xidmət” adlı sənədli film nümayiş etdirilmişdir.
DTX-nin rəisi
general-polkovnik Əli Nağıyev tədbirdə giriş nitqi ilə çıxış edərək təhlükəsizlik
orqanlarının 105 illik tarixinə nəzər salmış, bu orqanların Azərbaycan Xalq
Cümhuriyyəti dövründə təşəkkülü, sovetlər dönəmindəki fəaliyyəti və müstəqillik
qazanıldıqdan sonra müasir Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşması
barədə ətraflı məlumat vermişdir.
Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik
orqanlarının tarixində misilsiz xidmətlərindən danışan Xidmət rəisi bu
təsisatın tərkibinin milliləşdirilməsi kimi o dövr üçün çətin və mürəkkəb olan
prosesin həyata keçirilməsində dahi rəhbərin əvəzsiz rolundan, xüsusi xidmət
orqanlarının kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının
təkmilləşdirilməsi, əməkdaşlarının iş və məişət şəraitlərinin yaxşılaşdırılması
məsələlərinə həssas yanaşmasından və bu istiqamətdə gördüyü ölçüyəgəlməz
işlərdən danışmışdır.
Natiq Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə artıq yeni dövrə qədəm qoyan təhlükəsizlik orqanlarının qarşısında qoyulan
vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə
etmiş, eyni zamanda DTX-nin son illərdəki fəaliyyətinə toxunmuşdur.
Əli Nağıyev dövlətimizin
başçısının sarsılmaz siyasi iradəsi və Ordumuzun hərbi gücü nəticəsində ölkəmizin
ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra Azərbaycanın
təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışların durduğunu bildirmiş,
regionda yaranmış vəziyyəti öz xeyrinə dəyişmək istəyən və bölgənin yenidən münaqişə
ocağına çevrilməsinə çalışan bəzi dairələrin təxribat və kəşfiyyat-pozuculuq
fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin
zərərinə hesablanmış müxtəlif planları həyata keçirmə cəhdlərini diqqətə
çatdırmışdır. Qeyd olunmuşdur ki, DTX respublikamızın təhlükəsizliyinə yönələn
bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə
hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcəkdir.
Xidmət rəisi Əli Nağıyev Ali
Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət
və qayğının növbəti təzahürü kimi, ölkə başçısının müvafiq Sərəncamı ilə təhlükəsizlik
orqanlarının yaradılmasının 105-ci ildönümü və peşə bayramı əlaqədar DTX-nin
bir qrup əməkdaşının ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq
görüldüyünü vurğulamış, bunun üçün Prezident İlham Əliyevə şəxsi heyət adından
minnətdarlığını çatdıraraq, Xidmətin əməkdaşlarının göstərilən bu etimadı
doğruldacaqlarına qətiyyətlə inandığını bildirmişdir.
Sonra tədbir təhlükəsizlik
orqanları əməkdaşları və veteranlarının çıxışları ilə davam etdirilmişdir.
Tədbirin rəsmi hissəsinin
sonunda DTX-nin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunmuşdur.
Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin
ifasında konsert proqramı təqdim
olunmuşdur.