10:15
DTX-nin Akademiyasının yaranmasının 25 illiyi münasibətilə tədbir təşkil olunmuşdur
Dekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya)
yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilmişdir. Tədbirdə
hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və
əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və təhlükəsizlik
orqanlarının veteranları iştirak etmişlər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan
Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmişdir.
Sonra Akademiyanın 25 illiyinə həsr edilmiş videoçarx
nümayiş etdirilmiş, ardınca çıxış üçün söz DTX-nin rəisi general-polkovnik Əli
Nağıyevə verilmişdir.
Qonaqları salamlayaraq Akademiyanın professor-müəllim
heyətinə və kursantlarına təbriklərini çatdıran Xidmət rəisi 25 il bundan əvvəl
- 1998-ci il dekabrın 1-də Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə xüsusi
xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik
orqanının Akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyinin məhz
Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi ilə təsadüf
etməsinin bu orqanların tarixində mühüm hadisə olduğunu vurğulamış, hazırda təhsil
ocağında Heydər Əliyevin peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin sadiq
davamçılarının yetişdirildiyini diqqətə çatdırmışdır. Mənalı ömrünün 25 ilini həsr
etdiyi təhlükəsizlik orqanları qarşısında Ulu Öndərin əvəzsiz xidmətlərini nəzərə
alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin
dekabr ayının 20-də imzaladığı Fərmanla Akademiyaya dahi şəxsiyyət Heydər
Əliyevin adının verilməsinin isə təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar
hadisə kimi daxil olduğunu qeyd edən general-polkovnik Əli Nağıyev bildirmişdir
ki, bu gün DTX-nin və Akademiyanın şəxsi heyəti öz fəaliyyətini Ümummilli
Liderin amalları və ideyaları üzərində qurmaqdadır.
DTX-nin rəisi Əli Nağıyev Prezident İlham Əliyevin
diqqət və qayğısı ilə ötən müddət ərzində Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi,
təhsilin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, çağdaş texnoloji
yenilikləri uğurla tətbiq etməklə tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönümündə
görülən işlərdən ətraflı danışmış, son illərdə Akademiyanın kursantlarının ölkəmizin
aparıcı ali təhsil müəssisələri arasında keçirilmiş müxtəlif bilik yarışlarında
ardıcıl olaraq qalib adını qazanmasının qürurverici hal olduğunu demişdir.
Daha sonra digər qonaqlar da çıxış edərək Azərbaycanda
təhsil-tədris sahəsində aparılan islahatlardan, Akademiyanın bu strateji sektorun
inkişafına verdiyi töhfələrdən bəhs etmiş, professor-müəllim heyətinə və
kursantlara çətin və şərəfli yolda uğurlar arzulamışlar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra
qonaqlara mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim
olunmuşdur.
Akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər dekabrın 2-də “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcıdır” adlı elmi-praktiki konfransla davam edəcəkdir.