19:05
DTX-nin
Laçın rayon şöbəsinin açılışı olmuşdur
8 Noyabr - Zəfər Günündə Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi
keçirilmişdir. Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim
Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının
rəhbərləri iştirak etmişlər.
Öncə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər
Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
siyasi fəaliyyətlərinin müxtəlif dövrlərini özündə əks etdirən fotostendə
baxmış, daha sonra müasir standartlara uyğun şəkildə yenidən rekonstruksiya
edilmiş binada əməkdaşların öz xidmətlərini səmərəli təşkil etmələri və
əməliyyat imkanlarını daima genişləndirə bilmələri üçün yaradılan hərtərəfli
şəraitlə yaxından tanış olmuşlar.
Belə bir inzibati binanın
istifadəyə verilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik
orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanmış, Xidmətin
şəxsi heyəti adından dövlət başçısına minnətdarlıq ifadə edilmişdir.