18:35
Bakıda kibertəhlükəsizlik üzrə tədbir keçirilmişdir
Oktyabrın
26-da Bakı Konqres Mərkəzində kiberfestivala (“Critical Infrastructure Defence
Challenge 2023”) start verilmişdir. Azərbaycan Respublikasının Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin
birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri,
dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir
araya toplamışdır.
Tədbirin
açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant
İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Mirkişili, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan
Respublikasının rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Samir Məmmədov, “Azerconnect”
şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və “BP” şirkətinin Xəzər
regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli çıxış etmişlər.
Tədbir
çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual
müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların,
telekommunikasiya müəssisələrinin IT üzrə 3-5 nəfər tərkibdə 20 komandası 2 gün
ərzində yarışacaqlar. Tədbirin son günündə qalib komanda 30.000 manat mükafat əldə
edəcəkdir.
Təşkilatçılar
tərəfindən tədbir günləri ərzində informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat,
5 panel müzakirəsi, eləcə də ödənişsiz 6 fərqli sahə üzrə təlimlərin keçirilməsi
nəzərdə tutulmuşdur. Bütün qonaqlar kibertəhlükəsizlik həlləri sərgisini ziyarət
etmək, virtual yarışlarda iştirak edib hədiyyələr qazanmaq imkanlarına
malikdirlər.
Qeyd
edək ki, kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və
telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə,
bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin
və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunmuşdur.