09:00
Qanunsuz erməni silahlı birləşmələrinin hava nəqliyyatına yaratdıqları radiomaneələr DTX-də ciddi araşdırılır
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri
tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə
məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr
tətbiq edilmiş və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar
verilmişdir.
2021-2023-cü illər ərzində belə
radiomaneələrin tətbiqinin intensivləşməsi həmin ərazilərin yaxınlığında
yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siqnalların
daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna maneələrin
törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gəmilərində
naviqasiya siqnallarının itməsi ilə müşayiət olunmuş və bununla da mülki
təyyarələrin idarə edilməsinin müvəqqəti itirilməsinə və aviasiya qəzalarına
səbəb ola biləcək çoxsaylı cinayət faktları qeydə alınmışdır.
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin
törətdikləri terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı Dövlət
Təhlükəsizliyi Xidmətində davam edən cinayət işinin istintaqı zamanı, lokal
xarakterli antiterror tədbirləri nəticəsində tərksilah edilmiş sözügedən silahlı
birləşmələrin sərəncamında olmuş digər xüsusi
texniki vasitələrlə yanaşı, xaricdə istehsal olunan “Роlе-21M”, həmçinin yük
avtomobillərinin bazası üzərində qurulan “Repellent-1” tipli və kustar üsulla
quraşdırılmış radioelektron mübarizə kompleksləri də aşkar edilmişdir.
Taktiki-texniki göstəricilərinə əsasən, “Pole-21M”
kompleksinin 150 km-dək məsafədə yerləşən obyektlərə “GPS”, “QLONASS”,
“Galileo”, “BeiDou” və sair tipli peyk naviqasiyası sistemlərindən daxil olan
siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması üçün istifadə
edildiyi müəyyən olunmuşdur.
“Repellent-1” kompleksindən havada olan
obyektlərin radiorabitə vasitələrinin idarəetmə və məlumat ötürmə kanallarının
siqnallarının 35 km-dək məsafədə aşkarlanaraq fəzada yerinin, istiqamətinin, sürətinin
təyin edilməklə izlənilməsi, idarəetmə və naviqasiya sistemlərinin işinə
radiomaneə yaradılması, eləcə də kustar üsulla quraşdırılmış radioelektron
mübarizə komplekslərindən obyektlərə “GPS” və “QLONASS” naviqasiya peyklərindən
daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması
istiqamətində istifadə olunduğu təsbit edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.