10:20
Arayik Harutyunyan cinayət məsuliyyətinə cəlb edilmişdir
Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət
göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq
əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı
başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Araşdırmalar
zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü
Harutyunyan Arayik Vladimiri tərəfindən Azərbaycan Respublikasının ərazisində
qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar
müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim
keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi
əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə
cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan
başqa, Arayik Harutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin
təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt
hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla
təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə
də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə
əsaslı şübhələr müəyyən olunmuşdur.
İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin,
Arayik Harutyunyan tərəfindən terror
aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin
davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı
Azərbaycan Respublikasının Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri
və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ
raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli
bədən xəsarətlərinin yetirilməsi, mülki və
hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən
terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı
şübhələr müəyyən edilmişdir.
Arayik Harutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək
beynəlxalq axtarışa verilmişdir.
Cari il oktyabrın 3-də Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin
100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə
ittiham elan edilmişdir.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam
etdirilir.