09:00
2023-cü il ölkəmiz
üçün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlamətdardır.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29
sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il "Heydər Əliyev
İli" elan olunmuş, dövlət başçısının 28 noyabr 2022-ci il tarixli sərəncamı
ilə tədbirlər planı təsdiq edilmişdir.
Ümummilli
Liderin 100 illiyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən də
Ulu Öndərin həyat və fəaliyyətinin cəmiyyətdə geniş təbliğ edilməsi, xüsusən də
dahi şəxsiyyətin mənalı ömrünün təhlükəsizlik orqanlarında keçən hissəsi ilə
ictimaiyyətin daha yaxından tanış olması üçün müvafiq layihələr həyata
keçirilmişdir. Belə ki, ötən aylar ərzində DTX-nin təşkilatçılığı ilə xidmətin
Mərkəzi Aparatında, Mədəniyyət Mərkəzində, eləcə də respublikamızın bölgələrində
- Gəncə, Şəki, Göyçay, Lənkəran və Naxçıvan şəhərlərində Heydər Əliyevin xatirəsinə
həsr olunmuş bir sıra tədbirlər, habelə DTX-nin Heydər Əliyev adına Akademiyası
tərəfindən ictimaiyyət nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbərlərinin
və professor-müəllim heyətlərinin iştirakı ilə "Azərbaycan təhlükəsizlik
orqanlarının fəxri rəhbəri" adlı elmi-praktiki konfrans keçirilmişdir.
Bununla yanaşı, DTX-nin Azərbaycan Televiziyası ilə birgə layihəsi kimi Ulu Öndərin
xüsusi xidmət orqanlarındakı fəaliyyətindən bəhs edən "Naturalist əməliyyatı",
"Port-Pəhləvi əməliyyatı", "Xankəndi-1967", "Generalın
planı" adlı silsilə sənədli filmlər hazırlanaraq nümayiş olunmuş,
"Ulu Öndər silahdaşlarının xatirələrində", həmçinin DTX-nin yaxından
dəstəyi ilə ərsəyə gətirilmiş, Xalq yazıçısı Elmira Axundovanın "Na straje
qosudarstva" adlı kitablarının təqdimatları keçirilmişdir.
Son illərdə
Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan, dövləti və milləti naminə
xidmətlərindən bəhs edən saysız-hesabsız kitablar nəşr olunmuş, məqalələr dərc
edilmişdir. Heç şübhəsiz ki, Heydər Əliyev kimi dühanın həyatını, gördüyü işləri
vəsf etmək üçün hələ bundan sonra da neçə-neçə kitab və məqalələr işıq üzü görəcəkdir.
Lakin bizim bu yolda əsas məqsədimiz tamamilə yeni üslubda və tərtibatda fərqli
bir nəşr hazırlamaq, Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik fəaliyyətini
daha geniş tərənnüm etmək idi.
Heç də təsadüfi
deyil ki, bu gün təhlükəsizlik orqanlarında xidmət edən bütöv bir nəsil özünü
Heydər Əliyev məktəbinin davamçısı, DTX-nin şəxsi heyəti isə Ulu Öndər Heydər
Əliyevi özünün fəxri rəhbəri hesab edir.
Beləliklə, səylərimizi
odövrkü vəziyyəti vaxtilə təhlükəsizlik orqanlarında uzun müddət Heydər Əliyevlə
birlikdə çalışmış, onunla mütəmadi birbaşa təmasda olmuş veteran əməkdaşların
dili ilə canlandırmaq ideyası ətrafında birləşdirməyə qərar verdik. Bu, eyni
zamanda elə bir kitab olmalı idi ki, oxucu onu mütaliə etdikdə Ulu Öndərin
xüsusi xidmət orqanlarında çalışarkən xalqının rifahı və Azərbaycanın təhlükəsizliyi
yolunda etdikləri ilə bağlı yeni-yeni məqamları özü üçün kəşf etmiş olsun.
Əslində, əbədiyaşar lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
"Ulu Öndər silahdaşlarının xatirələrində" adlı kitabın hazırlanması
ideyasının yaranmasında təkan rolunu məhz yuxarıda sadaladığımız məqsədlər
oynamışdır.
Ümummilli
Liderin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən bəhs edən "Heydər
Əliyev - Azərbaycan təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı"
adlı giriş hissəsi ilə başlanan kitabın ən önəmli, unikal cəhəti burada indiyə
kimi heç bir yerdə dərc olunmayan, vaxtilə təhlükəsizlik orqanlarında Heydər
Əliyevin rəhbərliyi altında çalışmış veteran əməkdaşların üzərində Ulu Öndərin
imzası olan və onların şəxsi işlərində saxlanılan məxfi qrifli arxiv sənədlərinin,
dahi rəhbərin bu təsisatda xidmət etdiyi vaxtlara aid fotoşəkillərin, o cümlədən
Ümummilli Liderin Rusiya təhlükəsizlik orqanlarının arxivində saxlanılan şəxsi
işindən olan sənədli materialların, həmçinin Özbəkistan və Qazaxıstan təhlükəsizlik
orqanları veteranlarının xatirələrinin yer almasıdır.
Cari ilin 10 may
tarixində DTX-də keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü
ildönümünə həsr olunmuş təntənəli tədbirdə təqdimatı baş tutmuş nəşrin "Ön
söz"ünün müəllifi olan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev kitabın
ərsəyə gətirilməsinin əsas məqsədini aşağıdakı kimi açıqlamışdır:
"Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu ərəfəyə təsadüf edən
bu kitabın hazırlanmasında əsas məqsəd Heydər Əliyev ideyalarının geniş təbliği,
insanlara, xüsusən də gənc nəslə onun mənalı həyat və nümunəvi xidmət yolu barədə
vaxtilə rəhbərliyi altında çalışmış, dahi şəxsiyyətin diqqət və qayğısını öz üzərilərində
hiss etmiş, məsləhət və tövsiyələrindən bəhrələnmiş təhlükəsizlik orqanlarının
veteranlarının və onların övladlarının hafizələrinə ömürlük həkk olunmuş
unudulmaz xatirələri oxucularla bölüşməkdir".
Kitabda 42
veteran əməkdaşın Heydər Əliyevlə bağlı bölüşdükləri xatirələri, müxtəlif
zamanlarda dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri əks olunmuşdur.
Ulu Öndər haqqında silahdaşlarının söylədikləri fikirləri, onların Heydər
Əliyevin rəhbərliyi altında xidmət edərkən yaşadıqlarını oxuduqca təhlükəsizlik
orqanlarında peşəkarlıq məktəbinin yaradıcısı olan bu şəxsin dahiliyinin bir
daha əyani şəkildə şahidi olursan. Xidmət rəisi Əli Nağıyev nəşr üçün qələmə
aldığı "Ön söz"də məhz sözügedən məqama diqqət çəkir: "Həqiqətən
də, onunla uzun illər çiyin-çiyinə çalışmış, doğma Vətənə şərəfli xidmət
yolunda qarşıya çıxan bütün çətinliklərə Ulu Öndərlə birgə sinə gərmiş şəxslərin
fikirləri ilə tanış olduqda bir daha Azərbaycanın və xalqımızın nə dərəcədə əzəmətli,
nə dərəcədə dahiyanə bir siyasət nəhənginə sahib olduğunu anlayırsan".
Heydər Əliyevin
silahdaşları qürur hissi ilə paylaşdıqları xatirələrində Ulu Öndərlə ilk
tanışlıqlarından, aralarında mövcud olan rəhbər-işçi münasibətlərindən, onun əməkdaşlara
diqqət və qayğısından, iş prinsipindən, geniş əməliyyat təfəkküründən, hadisələri
qabaqcadan görə bilmək qabiliyyətindən, analitik və təhlil bacarığından ətraflı
söhbət açırlar. Qeyd edirlər ki, məhz belə keyfiyyətləri sayəsində Heydər
Əliyev mürəkkəb əməliyyat kombinasiyalarını uğurla həyata keçirir, qarşısında
duran çətin tapşırıqların öhdəsindən layiqincə gələ bilirdi. Heydər Əliyevin təhlükəsizlik
orqanlarında sıravi əməkdaşdan qurumun rəhbərinə, leytenant rütbəsindən
general-mayor rütbəsinə kimi yüksəlməsi də sadalanan cəhətlərin müqabilində
mümkün olmuşdu.
Təhlükəsizlik
orqanlarının veteranları Heydər Əliyevin mükəmməl yaddaşa malik olmasını,
nizam-intizamı, dəqiqliyi hər şeydən üstün tutmasını, insanlarda dürüstlüyə
böyük qiymət verməsini deyirlər. Onlar bildirirlər ki, Heydər Əliyev hər zaman
verdiyi tapşırıqların vaxtında icra olunmasına xüsusi diqqət yetirir, nəzərdə
tutulan tədbirin nəticəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq, vəziyyətin
ona olduğu kimi məruzə edilməsini tələb edir, qeyri-səmimiliyi qətiyyən sevmir,
hətta yerinə yetirilməsini tapşırdığı işlərin icra müddətini belə dəqiq yadında
saxlayır, əməkdaşları adbaad hafizəsinə həkk edə bilirdi.
Bundan əlavə, o
da qeyd olunur ki, xidməti fəaliyyətdə sərt və tələbkar olması ilə yanaşı, Heydər
Əliyev tabeçiliyində çalışan əməkdaşların ailə-məişət problemləri və onları
narahat edən digər məsələlərlə də daima yaxından maraqlanır, həlli üçün hərtərəfli
dəstək göstərir, şəxsi heyətdən qayğısını heç vaxt əsirgəmirdi. Onun səyləri ilə
həmin vaxtlar bütün çətinliklərə baxmayaraq, əməkdaşlar qısa müddətdə Bakı şəhərində
mənzillə təmin olunur, onların sanatoriya-kurort müalicəsi və digər qayğıları
öz həllini tapırdı.
Kitabda "Ön
söz" müəllifinin də Heydər Əliyevlə ilk görüşü barədə xatirələrinə yer
verilmişdir. General-polkovnik Əli Nağıyev o anı belə xatırlayır: "Mənim
üçün tarixi və unudulmaz olan həmin an 1993-cü ilin aprel ayında əməliyyat
tapşırığının icrası ilə əlaqədar Naxçıvana ezam olunduğum vaxta təsadüf edir. O
dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyevlə
görüşdə o, təhlükəsizlik orqanlarındakı fəaliyyətimlə yaxından maraqlanmış, gələcək
xidmətimin daha səmərəli qurulması üçün dəyərli məsləhətlərini vermişdi. Ulu
Öndərin verdiyi öyüd-nəsihətlər bu orqanlardakı sonrakı fəaliyyətimin əsasını təşkil
etdi. 1985-ci ildə xidmətə qəbul olunmaqla, 1997-ci ildən etibarən Milli Təhlükəsizlik
Nazirliyinin Mərkəzi Aparatında müxtəlif əməliyyat strukturlarında rəhbər vəzifələrdə
çalışmış əməkdaş kimi Ulu Öndərin təhlükəsizliyimizin etibarlı təminatı naminə
verdiyi mühüm tapşırıqların birbaşa icraçıları sırasında olduğuma görə qürur
duyuram".
Ümumiyyətlə,
kitabı vərəqləyərək Heydər Əliyev barədə bölüşülən xatirələri oxuduqca insanın
xəyalında iti zəkalı, öz peşəsinə dərindən yiyələnən və ona bağlı, uzaqgörən,
milli düşüncəli, xalqını sonsuza qədər sevən, milli dəyərlərə sadiq olan təhlükəsizlik
zabiti canlanır.
Təhlükəsizlik
orqanlarının veteranları dönə-dönə vurğulayırlar ki, Heydər Əliyevin ən böyük
xidmətlərindən biri bu orqanları milliləşdirməsi idi. Həmin dönəmlərdə təhlükəsizlik
təşkilatının tərkibini əsasən qeyri-millətlərdən olanlar təşkil edirdi və bu
amili də Ulu Öndər qətiyyən qəbul etmirdi. Belə addım atmaq o zaman üçün böyük
cəsarət və hünər tələb edirdi. 1950-ci illərin əvvəllərindən başlanan milliləşmə
prosesi ilə qısa zaman ərzində təhlükəsizlik orqanlarında azərbaycanlıların
sayı əsaslı şəkildə artdı. Əslində, bununla Ulu Öndər təhlükəsizlik
orqanlarının gələcəyi üçün kadr potensialını da formalaşdırmış olurdu.
Milliləşmə
prosesi Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə də geniş vüsət aldı,
onun təşəbbüsü ilə xeyli sayda gənc kadrlar keçmiş SSRİ-nin xüsusi tədris müəssisələrinə
oxumağa göndərildi. Kitabın "Ön söz"ündə bu məsələyə general-polkovnik
Əli Nağıyev toxunaraq qeyd etmişdir: "Təbii ki, Heydər Əliyevin Azərbaycan
təhlükəsizlik orqanlarındakı fəaliyyətindən danışanda onun hələ keçən əsrin
50-ci illərindən etibarən apardığı milliləşmə prosesini xüsusilə qeyd etmək
lazımdır. Belə məsələlərin o dövr üçün böyük cəsarət və qətiyyət tələb etməsinə
baxmayaraq, məhz Ulu Öndərin titanik səyləri nəticəsində o vaxtlar tərkibi digər
millətlərdən ibarət olan təhlükəsizlik orqanlarına milli kadrların cəlb
olunması, onların dövrün qabaqcıl xüsusi təyinatlı ali tədris müəssisələrində təhsil
almaq üçün göndərilməsi aktiv şəkil aldı".
Nəzərə çatdıraq
ki, Heydər Əliyev xüsusi xidmət orqanlarının şəxsi heyətinin komplektləşdirilməsi
məsələsinə daim həssaslıqla yanaşmış, ölkəmiz müstəqillik qazandıqdan sonra da
sözügedən istiqamətdə mühüm işlər görmüşdür. 1998-ci ildə təhlükəsizlik
orqanının akademiyasının yaradılması buna bariz misaldır. Ümummilli Liderin 100
illik yubileyinin qeyd olunduğu 2023-cü il dekabrın 1-də Ulu Öndərin adını
daşıyan və vaxtilə birbaşa özünün təşəbbüsü ilə əsası qoyulmuş bu xüsusi təyinatlı
ali təhsil müəssisəsinin yaradılmasının 25 illiyinin tamam olması təhlükəsizlik
orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olacaqdır.
Xüsusilə qeyd
etmək istərdik ki, bu gün də Azərbaycan təhlükəsizlik orqanları məhz Ulu Öndərin
miras qoyduğu vətənpərvərlik irsi və peşəkarlıq məktəbi əsasında fəaliyyət göstərir,
bu orqanlarda xidmət vaxtilə Heydər Əliyevin müəyyən etdiyi meyarlar üzərində
inkişaf etdirilir. General-polkovnik Əli Nağıyev qeyd olunanları "Ön
söz"də xüsusi vurğulayır: "Heydər Əliyevin şərəfli ömrünün 25 ilini həsr
etdiyi Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti, gələcək nəslə miras
qoyduğu peşəkarlıq məktəbi xüsusi xidmət orqanlarının əməkdaşları üçün etalon
olaraq qəbul edilir. Ulu Öndərin millətə və dövlətə sədaqət amalları isə daima
gənc zabitlərə aşılanır".
Belə bir nəşri ərsəyə
gətirməklə Heydər Əliyevin əziz xatirəsinin yaşadılması və adının əbədiləşdirilməsi
işinə dahi rəhbərin yolunun sadiq davamçıları kimi xidmətimiz adından layiqli
töhfəni verməyə çalışdıq. İnanırıq ki, kitab oxucularda xoş təəssürat
yaradacaq, Heydər Əliyev fenomenini xalqımıza daha yaxından tanıtdıracaqdır.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev nəşrin "Ön söz"ündə
fikirlərinə yekun vuraraq bildirir: "Ümidvaram ki, respublika ictimaiyyətinə
təqdim olunan, Ümummilli Liderin 100 illik yubileyinə həsr etdiyimiz bu kitab
Ulu Öndərin hər kəsə nümunə ola biləcək həyat məktəbinin indiki və gələcək nəsillərə
öyrədilməsində böyük əhəmiyyətə malik olacaq, dövlətə və xalqa dönməz sadiqlik
ideyalarının gənclərə aşılanması işinə töhfə verməklə ömrünü Vətənə xidmətə həsr
edən hər bir vətənpərvər azərbaycanlı üçün layiqli örnək rolunu
oynayacaq".
Əminliklə
bildiririk ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müasir dövrün
çağırışlarına uyğun quran DTX-nin Heydər Əliyev amallarına sadiq əməkdaşları
bundan sonra da Ulu Öndərin ölkəmizin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi
misilsiz xidmətlərinin yorulmaz təbliğatçısı və təşviqatçısı olacaqlar!
Azərbaycan
Respublikası
Dövlət Təhlükəsizliyi
Xidməti
“Azərbaycan” qəzeti
19 sentyabr 2023-cü il