10:30
DİN əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılmışdır
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin (DİN) əməkdaşlarının olduğu
“Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun
Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror
hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30
radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel
yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən
qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən
yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü
Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu,
12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü
Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak
olmuşlar.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan,
partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1,
120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən,
ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə
yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha
çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar
qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər
maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri
həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin
ediləcəkdir.