12:10
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq tədbir təşkil olunmuşdur
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə
öncə qonaqlar mövzu ilə əlaqədar hazırlanan videoçarxa baxmış, daha sonra Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti
oxunmuşdur.
Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev beynəlxalq konfransın
iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətinə toxunmuş, mövzunun Azərbaycan
üçün vacibliyinə diqqət çəkmişdir. Dövlətimizin başçısının əsir-girov
götürülmüş, itkin düşmüş şəxslərlə bağlı məsələyə daima xüsusi həssaslıqla
yanaşdığını bildirən Komissiya sədri Birinci Qarabağ müharibəsində itkin düşmüş
3890 nəfər vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində son illərdə
görülmüş işlər barədə ətraflı məlumat vermiş, 2021-ci ilin fevral ayından başlayaraq, həmin şəxslərə aid olması ehtimal
edilən məzar yerlərində aşkar edilən meyit qalıqlarının eyniləşdirilməsinin intensiv
şəkildə həyata keçirildiyini demişdir. O, Prezident İlham Əliyevin müvafiq
tapşırığı ilə ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb
baş idarəsinin tərkibində yaradılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş
genetik laboratoriyada meyit qalıqlarının eyniləşdirilməsi imkanlarından geniş söhbət
açaraq, Komissiyanın fəaliyyətinə və itkin vətəndaşlarımızın taleyinin müəyyən
edilməsi işinə göstərdiyi dəstəyə və diqqətə görə ölkə başçısına dərin təşəkkürünü
ifadə etmişdir.
Vurğulanmışdır
ki, son günlər ərzində eyniləşdirilməsi aparılan və ictimaiyyətə açıqlanan 15 nəfərdən
başqa, Dövlət Komissiyasının səyləri və görülən təxirəsalınmaz tədbirlərlə
konfrans ərəfəsində 1-i mülki şəxs və 9-u hərbçi olmaqla, 10 nəfər vətəndaşımızın
meyit qalıqları eyniləşdirilmişdir. Xidmət rəisi Əli Nağıyev onların sırasından
“Azərbaycanın Milli Qəhrəmanı”, vaxtilə təhlükəsizlik orqanlarının əməkdaşı
olmuş, Birinci Qarabağ müharibəsində böyük igidlik və şücaət göstərmiş, 1992-ci
il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki
döyüşdə yaralanaraq itkin düşmüş Riad Əhmədovun müəyyən olunmasının ciddi
ictimai hadisə olduğunu xüsusilə qeyd etmişdir.
Dövlət
Komissiyasının sədri Ermənistanın qeyri-konstruktiv və humanizmə zidd
addımlarından əl çəkməklə dəqiq mina xəritələrini və məzar yerləri barədə məlumatları
təqdim edəcəyi təqdirdə taleyi qeyri-müəyyən olan itkin düşmüş vətəndaşlarımızın
axtarışı prosesinin daha sürətlə aparıla biləcəyindən də danışmışdır. Əli
Nağıyev rəsmi Yerevanı bu məsələdə əməkdaşlığa səy göstərməyə çağırmış və
bildirmişdir ki, Ermənistanın bu humanitar missiyanın həyata keçirilməsində edəcəyi
yardım hər iki tərəfdən itkin düşmüş şəxslərin tez bir zamanda müəyyənləşdirilməsinə
və xeyli müddətdir davam edən humanitar böhranın aradan qaldırılmasına səbəb
olardı.
Komissiya
sədri bəzi erməni ideoloqların azərbaycanlılarla ermənilərin birgə yaşamasının
qeyri-mümkünlüyünə dair fikirlərinə də münasibət bildirmiş, monoetnik Ermənistandan
fərqli olaraq çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda bütün xalqların nümayəndələri
ilə yanaşı, ermənilərin də daim sülh və rifah içində yaşadığını nəzərə
çatdırmış, ölkəmizin erməni əhalisini azərbaycanlılarla birgəyaşayış mühitini
formalaşdırmağa dəvət etmişdir.
Çıxışının
sonunda Əli Nağıyev beynəlxalq konsfransın itkin düşmüş şəxslərin taleyinin müəyyən
olunması məsələsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu söyləmiş, tədbirdə
iştirak edən müvafiq sahə üzrə ixtisaslaşmış alim və mütəxəssislərin öz bilik və
təcrübələri ilə bölüşdükləri üçün onlara minnətdarlığını çatdırmış, gələcəkdə
görüləcək işlər sayəsində itkin düşmüş digər vətəndaşlarımızın da taleyinə
tezliklə aydınlıq gələcəyinə, bu işdə Dövlət Komissiyasının beynəlxalq
humanitar təşkilatlarla birgə fəaliyyətinin daha nəticəyönümlü olacağına inandığını,
itkinlərin tapılması məqsədilə qarşıya qoyulmuş vəzifələrin bundan sonra da
bütün mümkün imkanlar səfərbər olunmaqla lazımi səviyyədə yerinə yetiriləcəyinə
əminliyini bildirmişdir.
Sonra
konfrans sözügedən sahədə əldə olunan nailiyyətlər və həllini gözləyən problemlər,
itkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri
olan dövlətlərin qarşılıqlı əlaqələrinin gücləndirilməsi vasitələri, itkin
düşmüş şəxslərə aid meyit qalıqlarının yerinin müəyyən edilməsində müasir
texnologiyaların tətbiqi, ölkələrarası təcrübə mübadiləsi, hökumətlərlə itkin
düşmüş şəxslərin ailələri arasında əməkdaşlıq mövzularında panel müzakirələrlə
və çıxışlarla davam etmişdir.