15:05
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır
Son
günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli
olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası,
yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə
bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən
çağırışlar yer almaqdadır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi
hallar nəzarətə götürülmüşdür və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər
barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.
Bildiririk
ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan
vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil
edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən
yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq.
Eyni
zamanda vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi
dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi
şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə
səbəb olur.