09:00
44 günə fəth olunan ZƏFƏR ZİRVƏSİ
"Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.
Ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərinin əvvəllərində dünyada və xüsusən də regionda geosiyasi vəziyyətin mürəkkəbləşməsi Azərbaycan üçün Qarabağ ətrafında başlanan təlatümlü hadisələrlə, uzun illər ərzində Ermənistanın Vətənimizin bu tarixi ərazisinə olan əsassız iddialarının baş qaldırması ilə müşayiət olunmuşdur. Xarici himayədarlarının dəstəyinə arxalanan və bölgədə yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan illərdir hazırladığı məkrli planlarını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi təcavüz aktını həyata keçirməyə başlamışdır. Respublikamızın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz torpaqlarının 20 faizini itirmək məcburiyyətində qaldı, 1 milyona yaxın vətəndaşımız doğma yurd-yuvasından didərgin düşdü. Orduda maddi-texniki təchizatın aşağı olmasına, vahid rəhbərliyin olmamasına rəğmən bu savaşda Vətənimizin igid övladları Azərbaycanın suverenliyi naminə son damla qanına kimi vuruşaraq torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmişlər.
Müharibə başladığı
ilk gündən təhlükəsizlik orqanlarının əməkdaşları da doğma Vətənin müdafiəsinə qalxmış,
döyüş meydanında əsl fədakarlıq nümunələri göstərmişlər. Birinci Qarabağ müharibəsində
bu orqanın altı əməkdaşının "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq
görülməsi deyilənlərin əyani təzahürüdür. Müqəddəs amal uğrunda qəhrəmancasına şəhid
olmuş əməkdaşlarımızın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır!
Azərbaycan xalqına
qarşı xüsusi amansızlıqla törədilən, kütləvi qətliam və soyqırımlarla qan yaddaşımıza
həkk olunan bu müharibədə ərazilərimizin itirilməsinə xarici təzyiqlərlə bərabər
Azərbaycanın ovaxtkı siyasi rəhbərliyinin səriştəsizliyi, ölkəni idarə edə bilmək
qabiliyyətində və bacarığında olmaması, yalnız şəxsi mənafeləri güdərək hakimiyyəti
öz əlində saxlamağı məqsəd kimi görməsi də şərait yaratmışdır. 1991-1993-cü illər
ərzində respublikada cərəyan edən xaos, anarxiya və hökm sürən siyasi böhran ölkəni
vətəndaş müharibəsi və yenicə qazanılan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə
qoymuş, Azərbaycanın milli təhlükəsizliyi ciddi risk altına düşmüşdür.
Lakin 1993-cü
ilin iyun ayında xalqın təkidli və israrlı tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev özünün uzaqgörənliyi, dərin zəkası, dəmir iradəsi
və liderlik keyfiyyəti sayəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildi, dövlətin
təhlükəsizliyinə qarşı yönələn xarici və daxili təhdidlərin qarşısını qətiyyətlə
almağa və qazanılan müstəqilliyi qoruyub saxlamağa müvəffəq oldu. Ümummilli Liderin
misilsiz səyləri və gərgin əməyi ilə 1994-cü ilin may ayında təcavüzkar dövlətlə
atəşkəs razılaşması əldə olunduqdan sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar
edildi. Qısa zaman ərzində qəbul edilən müdrik siyasi qərarlarla, gerçəkləşdirilən
mühüm iqtisadi layihələrlə Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi
altında sülh və əmin-amanlıq şəraitində davamlı inkişaf yoluna qədəm qoydu.
Ümummilli Lider
Heydər Əliyevin başladığı siyasi və iqtisadi islahatları uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində məharətlə və
yüksək peşəkarlıqla həyata keçirdiyi diplomatik fəaliyyəti boyunca Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın bir hissəsinin itirilməsi,
vətəndaşlarımızın öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün halına
salınması, qarşı tərəfin təcavüz və təhdid ritorikasını sürdürməsi barədə bəyanatlar
mötəbər təşkilatların kürsüsündən və beynəlxalq əhəmiyyətli tədbirlərdə davamlı
olaraq səsləndirilmiş, münaqişənin dinc yolla həllinə nail olunması üçün bütün mümkün
siyasi vasitələrdən istifadə edilmişdir. Həmçinin 1992-ci ildə konfliktin danışıqlar
yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün təsis olunmuş Minsk
qrupu münaqişənin dayandığı nöqtədə qalmasında əsas pay sahibi olmuş, qurumun fəaliyyətsizliyi
və səmərəsizliyi mövcud vəziyyətin dayanıqlı olmasını şərtləndirmişdir. Prezident
İlham Əliyev 2020-ci ilin 12 dekabr tarixində Minsk qrupunun həmsədrlərini qəbul
edərkən demişdir: "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç
bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata
sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı
dediyim kimi Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində
müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq
bundan ibarətdir".
Ötən 30 ilə yaxın müddətdə Ermənistanın cəbhəboyu
təxribatları mütəmadi xarakter almış, bu təxribatlar müəyyən dövrlərdə hərbi qulluqçularımızın
və mülki əhalinin sırasından itkilərə, eyni zamanda sağlamlığa ciddi ziyan vurulmasına
səbəb olmuşdur. Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel, 2020-ci ilin
iyul aylarında ordumuza qarşı Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatların
qarşısı qətiyyətlə alınmış, düşmən xeyli sayda itki verməyə məcbur olmuşdur.
2020-ci ilin avqust ayında Ermənistanın diversiya qrupunun təmas xəttini keçərək
terror aktları törətmək kimi düşmənin daha bir məkrli planı iflasa uğramışdır.
Son illər ərzində beynəlxalq hüquq normalarına
zidd olan bu cinayətkar əməllərin törədilməsi ilə yanaşı, Ermənistan rəhbərliyinin
müharibə ruhlu çıxışları, işğal altında olan ərazilərə qeyri-qanuni səfərlər etməsi,
Ermənistanın hazırkı baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" deməklə
provokativ çıxışlara yol verməsi və təxribat dolu bəyanatlar səsləndirməsi, bu ölkənin
ozamankı müdafiə nazirinin "yeni ərazilər uğrunda yeni müharibə" çağırışı,
işğal altında olan ərazilərimizdə yerləşən separatçı quldur dəstəsinin başçısının
Şuşada inaqurasiya mərasiminin və qanunsuz "parlamentin" Xankəndidən Şuşaya
keçirilməsi ilə bağlı spekulyativ qərarların verilməsi və bununla da münaqişənin
həlli ilə bağlı qeyri-konstruktiv mövqeyin davam etdirilməsi illərdir sürən sülh
danışıqları prosesini sıfır nöqtəsinə gətirmiş oldu.
Xalqımız işğalçı ölkənin baş nazirinin milli
heysiyyətimizə toxunan çıxışları qarşısında "Qarabağ Azərbaycandır və Nida
işarəsi" deyən Prezidentinə, Ali Baş Komandanına inanır, ordusunun gücünə və
rəşadətinə güvənirdi. Beləliklə, son dönəmlərdə münaqişə bölgəsində yaradılan gərginliklərlə,
atılan qıcıqlandırıcı addımlarla, rəsmi şəxslərinin səsləndirdikləri fikir və bəyanatları
ilə müharibəyə hazırlaşdığı açıq-aydın sezilən Ermənistan 2020-ci il sentyabr ayının
27-də cəbhə xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməklə xalqımızın
30 illik səbir kasasını daşırdı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının
rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən
"Dəmir yumruq" adlanan əks-hücum əməliyyatına - Vətən müharibəsinə başladı.
Cəmi 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti,
qəhrəman oğullarımızın igidliyi və şücaəti sayəsində yenilməz Azərbaycan Ordusu
tarixi missiyanı uğurla başa vuraraq düşməni diz çökdürdü, 8 noyabr tarixində hər
bir azərbaycanlının qürur yeri olan Şuşa şəhərini azad etməklə müharibənin məntiqi
sonluğunu vurmuş oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir:
"Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan
xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri
də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan
azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi,
həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq,
biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün
torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq,
insanlarımızın 30 illik həsrətinə son qoyulur".
Döyüş əməliyyatlarının aparıldığı bütün müddət
ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik
ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla
yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi.
Dövlət başçısının çağırışına səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları
uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, müharibədə əsgər və zabitlərimizin
göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunur. Bu gün hamılıqla
etiraf edilir ki, 44 günlük müharibədə xalqın və ordunun Ali Baş Komandana dərin
inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır.
Şəhər və kəndlərimizin düşməndən azad edilməsi barədə məlumatların mütəmadi olaraq
cənab Prezident tərəfindən əhaliyə çatdırılması ordumuzu və xalqımızı daha böyük
uğurlara səsləmişdir.
Doğma Qarabağın, onun dilbər guşəsi olan Şuşa
şəhərinin azad edilməsi və Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması hər
bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. Ulu
Öndərin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımızın Şuşanın azad
olunması xəbərini müqəddəs məkanımız olan Şəhidlər xiyabanında xalqa müraciətində
bütün dünyaya bəyan etdiyi zaman dediyi sözlər illərin həsrətinin bitdiyi an, Zəfər
tariximizə vurulan möhür oldu. Prezident İlham Əliyev xalqa müraciətində demişdir:
"Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim,
onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin
ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun "dünya
azərbaycanlıları!"
Ulu Öndər hər zaman ictimaiyyət nümayəndələri,
qaçqın və məcburi köçkünlərlə görüşlərində Qələbə gününün elə də uzaqda olmadığını,
itirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, vətəndaşlarımızın düşmən tapdağı
altında qalmış həmin ərazilərə tezliklə qayıdacağına dərin inamını ifadə edir, xalqımızın
həsrətinə tez bir zamanda son qoyulacağına əminliyini bildirirdi: "Arzu edirəm
ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın.
Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır,
deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin,
tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da
əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları,
çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi
gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,
Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya
bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik".
Müharibə gedişatında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, dörd qəsəbə ilə yanaşı, 300-ə yaxın kənd və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edən ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu. Silahlı Qüvvələrimiz sahib olduğu yeni nəsil silahları döyüş meydanında məharətlə tətbiq edərək XXI əsrin işğal altında olan torpaqların azad edilməsi uğrunda aparılan müharibə formasını bütün bəşəriyyətə nümayiş etdirdi. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi müəssisələrində Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir.
Vətən müharibəsi dövründə və sonrakı vaxtlarda
cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalçı siyasətinin ən mötəbər
beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsi diplomatiyamızın böyük uğurları
sırasındadır. 2020-ci ilin noyabr və dekabr aylarında müəyyən növbəliklə Ağdam,
Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldıqdan sonra cari ilin avqust ayının
26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə
keçməsi isə dövlətimizin başçısının düşmən üzərində növbəti diplomatik qələbəsi
və yürütdüyü uğurlu siyasi kursun təntənəsi
idi.
44 günlük Vətən müharibəsində şanlı Qələbənin
qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi
Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı vardır. Haqq savaşımızın başlandığı
ilk gündən etibarən Xidmətin şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunmuş,
əsgər və zabitlərimizin müəyyən marşrutlar üzrə hərəkətinin təhlükəsizliyini, silahlı
qüvvələrimizi qabaqlayıcı əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin etmək
vəzifəsini uğurla icra etmişdir. Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi
Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə
zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi
Xidmətinin 7 əməkdaşının "Zəfər", 11 əməkdaşının "Qarabağ" ordeninə,
xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini
tapır.
Qürurla bildiririk ki, Müzəffər Ali Baş Komandanımızın
qətiyyətli idarəçiliyi altında Dövlət Təhlükəsizliyi Xidməti düşmənin ölkəmizin
ərazisində törətmək istədiyi terror-təxribat planlarının və niyyətlərinin qarşısının
alınması istiqamətində bütün qüvvə və vasitələrini səfərbərliyə almaqla ordumuzun
qalibiyyəti üçün həvalə olunmuş səlahiyyətlər çərçivəsində hərtərəfli dəstək göstərmiş,
Ali Baş Komandanın bütün göstəriş və tapşırıqlarını peşəkarlıqla yerinə yetirmişdir.
Bununla yanaşı, Ermənistandan Azərbaycana qarşı kiber məkanda və informasiya təhlükəsizliyi
sahəsində də genişmiqyaslı təhdidlər olmuş və dezinformasiya fəaliyyəti aparılmış,
belə cəhdlərin də qarşısı uğurla alınaraq, düşmənə qarşı əks həmlələr müvəffəqiyyətlə
həyata keçirilmişdir. Vaxtında əldə olunmuş kəşfiyyat məlumatları düşmənin əks-hücumlarının
qarşısının alınmasında, Silahlı Qüvvələrimiz tərəfindən uğurlu hərbi əməliyyatların
keçirilməsi və ayrı-ayrı yaşayış məntəqələrimizin az itki ilə düşməndən azad edilməsində
həlledici rol oynamışdır.
Müharibə dövründə Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən İraq və Suriyadan gətirilmiş, terror qruplaşması ilə əlaqəli olan şəxslərin
radio danışıqlarının əldə olunması, döyüşlərdə iştirak edən livanlı muzdlu-terrorçunun
saxlanılaraq məsuliyyətə cəlb edilməsi Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda
müəyyən maddi qarşılıq müqabilində düşmən tərəfində xarici vətəndaşların iştirakını
təsbit edən faktlar kimi vurğulanmalıdır.
Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən
dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının
alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində
və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi
Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları,
həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan
Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun
terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir.
Azərbaycanın illərdir Ermənistanın işğalı altında
qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına
məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya
cəhdləri boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaşın fonunda informasiya mübarizəsi
çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin piar kampaniyası aparılır,
Dağlıq Qarabağ münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma
və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı. Lakin
düşmən döyüş meydanında olduğu kimi informasiya mübarizəsi sahəsində də uğursuzluğa
düçar olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyev qalib sərkərdə olmaqla yanaşı,
düşmənə qarşı informasiya müharibəsində də baş rolda çıxış edirdi. Müharibənin getdiyi
dövrdə ölkə Prezidenti 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibələrində
Dağlıq Qarabağ münaqişəsinin tarixi və Azərbaycanın apardığı Vətən müharibəsinin
gedişi barədə həqiqətləri dünyaya bəyan edir, ona ünvanlanan bəzi təxribat xarakterli
suallara yüksək diplomatik məharətlə cavab verirdi. Eyni zamanda bu müsahibələrdə
Prezident İlham Əliyev qardaş Türkiyə Respublikasının müharibə boyu Azərbaycana
verdiyi dəstəyi də xüsusilə vurğulayırdı.
Təbii ki, şanlı Zəfərin əldə olunmasında qardaş
Türkiyə xalqının və dövlətinin müharibənin başlandığı ilk gündən canı və qanı ilə
bağlı olduğu Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi olaraq qeyd
etməliyik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla
qardaş ölkənin digər rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi
yolunda apardığı savaşın onun haqq işi olduğunu və dəstəyin sona qədər göstəriləcəyini
bəyan edən fikirlər səsləndirmələri və bəyanatlar vermələri bu müqəddəs missiyanın
uğurla başa çatdırılmasında mühüm rol oynamışdır.
Vətən müharibəsindən sonra hər iki dövlətin
sarsılmaz birliyinin daha bir təcəssümü kimi Türkiyə və Azərbaycan prezidentlərinin
2020-ci ilin dekabr ayında Bakı şəhərində, Azadlıq meydanında keçirilən Zəfər paradında
birgə iştirakı da bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu bir
daha göstərdi.
2021-ci ilin 15 iyun tarixində Şuşa şəhərində
imzalanan müttəfiqlik münasibətləri haqqında Bəyannamə isə Azərbaycan və Türkiyə
arasında strateji tərəfdaşlığı, xalqların maraq və mənafelərinin qorunmasını, iki
dövlətin bir-birilərinin müstəqilliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşılıqlı
hərtərəfli dəstəyin göstərilməsini, bütün önəmli sahələr üzrə ikitərəfli əlaqələrin
inkişaf etdirilməsinin vacibliyini rəhbər tutmaqla mövcud münasibətlərə yeni çalar
verdi. Bəyannamədə Azərbaycanın və Türkiyənin milli təhlükəsizlik məsələləri ilə
bağlı məsləhətləşmələrin aparılması üçün mütəmadi qaydada birgə iclaslarının keçirilməsinin
nəzərdə tutulması dövlətlərin təhlükəsizliyinin təminatı üzrə qarşılıqlı əlaqələri
daha yüksək səviyyəyə qaldırmışdır.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi
altında müasir və müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Vətən
müharibəsində qazanılan, tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz Azərbaycanın
nə dərəcədə sarsılmaz dövlət olduğunu, xalqımızın əzmini və həmrəyliyini bütün dünyaya
nümayiş etdirdi. Dövlətimizin başçısının da dediyi kimi, biz bu torpaqları danışıqlar
yolu ilə yox, şəhidlərimizin canı, qanı bahasına geri aldıq. Hər birimiz Vətən müharibəsində
qazanılan tarixi qələbəyə görə şəhidlərimizə, bu yolda sağlamlıqlarını itirmiş müharibə
iştirakçılarına borcluyuq.
Qeyd etmək lazımdır ki, Vətən müharibəsi dövründə
əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi
işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilməkdədir. Azərbaycan Respublikası
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində
həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin
döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq
təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılmışlar.
Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq
qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq
ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq
və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir.
Bu gün şəhid ailələrinin və müharibə iştirakçılarının
üzləşdikləri çətinliklərin və problemlərin həlli, onları narahat edən məsələlərə
xüsusi diqqət və qayğı göstərilməsi dövlət başçısının yürütdüyü sosialyönümlü siyasətin
mərkəzində dayanan prioritet vəzifədir. Digər dövlət qurumları kimi öz səlahiyyətləri
çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti də bu yönümdə müəyyən fəaliyyət həyata
keçirir, qeyd olunan kontingentə aid vətəndaşların Xidmətə etdikləri müraciətlərə
xüsusi həssaslıqla yanaşılır, həlli yönümündə zəruri əməli addımlar atılır. Eyni
zamanda qeyd etmək istərdik ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kateqoriyadan
olan vətəndaşlarımızla mütəmadi görüşlər keçirilir, onların sosial problemlərinin
həlli üçün müvafiq kömək göstərilir. Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətində
çalışmaq istəyi ilə müraciət edən şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi
olan şəxslərin, müharibə veteranları və iştirakçılarının Xidmətdə işlə təmin olunması
istiqamətində də müvafiq tədbirlər görülməkdədir.
Beləliklə, bu il Azərbaycan xalqı iki il bundan
əvvəl tarixinə ən şanlı gün kimi düşmüş, Prezident İlham Əliyevin 3 dekabr
2020-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Zəfər Günü
elan etdiyi 8 noyabr tarixinin növbəti ildönümünü böyük sevinc və fəxarətlə qeyd
edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan bu qələbə ilə Azərbaycan
xalqı qüdrətli xalq olduğunu, Azərbaycan dövləti qalib dövlət olduğunu bütün dünyaya
göstərdi. Dövlətimizin başçısının da dediyi kimi, bu gün Azərbaycan xalqı müzəffər
xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan
sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq!
Qətiyyətlə inanırıq ki, "Düşməni torpaqlarımızdan
qısa müddət ərzində qovduğumuz kimi, Qarabağı da qısa müddətdə bərpa edəcəyik"
söyləyən Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti altında intensiv
şəkildə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı və vətəndaşlarımızın
Böyük qayıdışının həyata keçirildiyi Qarabağımız tezliklə keçmiş əzəmətini qaytararaq
dünyanın ən çox ziyarət olunan və ən abad yerlərindən birinə çevriləcəkdir.
Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr
və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları
qəbul etməli, Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən
çəkinməlidirlər. Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi,
"Dəmir yumruq yerindədir!": "Erməni faşizmi məhv edilib, ancaq onun
təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan
dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi
baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır,
heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!
Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç
kim unutmasın!".
Bu gün "Azərbaycan Respublikasının işğaldan
azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan
Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli fərmanına uyğun olaraq, 44 günlük Vətən müharibəsi zamanı azad olunmuş
torpaqlarda yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarə və şöbələri
tərəfindən xidməti fəaliyyətdən irəli gələn vəzifələr uğurla icra olunur, əməliyyat
şəraiti daim nəzarətdə saxlanılmaqla təhlükəsizliyin etibarlı təminatı məqsədilə
kəsərli tədbirlər görülür. Ölkə Prezidentinin hər zaman diqqət və qayğısını hiss
edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının respublikamızın digər şəhər
və rayonlarında olduğu kimi işğaldan azad olunmuş torpaqlardakı ərazi orqanlarında
da öz xidmətlərini daha səmərəli, çevik və operativ təşkil etmələri üçün hərtərəfli
şərait yaradılmış, maddi-texniki təchizat ən yüksək səviyyədə təmin olunmuşdur.
Bu bir daha Ali Baş Komandan cənab İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin
şəxsi heyətinə göstərdiyi etibarın və etimadın bariz təcəssümüdür.
Dövlətimizin başçısını və xalqımızı əmin edirik
ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə,
suverenliyinə, ölkədəki ictimai-siyasi sabitliyə və təhlükəsizlik mühitinə yönələn
hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq, doğma Vətənin qorunması
və müdafiəsi yolunda ümdə vəzifələrin lazımi səviyyədə icrası üçün bundan sonra
da bütün qüvvə və vasitələrini səfərbər edəcək, xidməti borclarını layiqincə və
vicdanla yerinə yetirərək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində daim
ayıq-sayıq, sərvaxt duracaqdır!
Əli NAĞIYEV,
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik
"Azərbaycan" qəzeti,
5 noyabr 2022-ci il