18:55
DTX-nin
Akademiyasının müdavimlərinin növbəti buraxılış tədbiri keçirilmişdir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev
adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışı ilə əlaqədar təntənəli
tədbir keçirilmişdir. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev,
Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın
professor-müəllim heyəti və məzunların valideynləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri
rəhbəri, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti
olaraq, Ulu Öndərin Akademiyada ucaldılmış abidəsi ziyarət edilmiş və önünə gül
dəstələri qoyulmuşdur.
Mərasimdə Azərbaycan Respublikasının ərazi bütövlüyü
və müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin müqəddəs xatirəsi bir
dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirildikdən sonra məzunlara
diplomlar təqdim olunmuşdur.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik
Əli Nağıyev Akademiyanın şəxsi heyətini, məzunları və onların valideynlərini
salamlayaraq, təhlükəsizlik orqanlarında çalışacaq gənc zabitləri təhsillərini
müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik etmiş, əsası 1998-ci ildə
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dahi rəhbərin adını daşıyan bu
tədris ocağında qazandıqları bilik və praktiki vərdişləri gələcək xidməti
fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə, Heydər Əliyevin bu orqanlarda
yaratdığı peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə, təhlükəsizliyin
etibarlı təminatına öz töhfələrini verəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Akademiyanın yaranmasının 25 illiyinin Ümummilli Liderin 100 illik yubileyinin
qeyd olunduğu ilə təsadüf etdiyini diqqətə çatdıran Xidmət rəisi ötən illər
ərzində bu ali təhsil müəssisəsində xüsusi xidmət orqanları üçün yüksək ixtisaslı
kadrların hazırlanması, maddi-texniki bazanın davamlı təkmilləşdirilməsi və
təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən
söhbət açmışdır.
General-polkovnik Əli Nağıyev hazırda Akademiyaya
qəbul və namizədlərin seçiminə ciddi tələblərin qoyulduğunu və imtahanlarda
yüksək keçid balları toplayaraq Akademiyaya daxil olan və fərqlənmə diplomu ilə
bitirən kursantların sayının ildən-ilə artdığını qeyd etmiş, onların
respublikada keçirilən müxtəlif bilik yarışlarında birincilik əldə etmələrinin məmnunluq
doğurduğunu vurğulamışdır.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Akademiyaya xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi
ölkə başçısının müvafiq Sərəncamı ilə Akademiyanın təhsil sisteminin müasir
dövrün tələblərinə uyğunlaşdırılması və imkanlarının daha da genişləndirilməsi üçün
nizamnaməsində dəyişiklik edilərək yeni bakalavr və magistr ixtisaslarının
təsis edildiyi barədə məlumat verilmişdir.
Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev gənc
zabitlərə gələcək fəaliyyətlərində uğurlar arzulamış, dövlətimizin təhlükəsizliyinin
qorunması kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklərinə inamını
ifadə etmişdir.
Sonra tədbirdə söz alan digər çıxışçılar da
Akademiyada kursantların hərtərəfli savada və geniş dünyagörüşünə yiyələnmələri
üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və DTX-nin
rəhbərliyinə minnətdarlıqlarını çatdırmışlar.
Sonda xatirə fotoşəkli çəkdirilmişdir.