14:50
Proksi müharibələr mövzusunda ilk beynəlxalq
konfrans təşkil olunmuşdur.
Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Dövlət Təhlükəsizliyi
Xidmətinin təşkilatçılığı ilə 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat
orqanlarının nümayəndələrinin təmsil olunduğu “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə
qarşı birgə mübarizə” mövzusunda Bakı Təhlükəsizlik Forumu keçirilmişdir.
Giriş
nitqi ilə tədbiri açıq elan edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev qonaqları səmimi salamlayaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini
səsləndirmiş, ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunaraq
bu təşəbbüsün reallaşmasında göstərdiyi dəstəyə görə dövlət başçısına dərin təşəkkürünü
bildirmişdir.
General-polkovnik
Əli Nağıyev yeni nəsil müharibə üsulu olan və birbaşa hərbi güc tətbiqini istisna
edən proksi müharibələrin ölkələrin təhlükəsizliyinə nüfuz və ya təsir etmə
vasitəsi olduğunu, proksi şəbəkələrin fəaliyyətinin bəzi terrorçu qruplar,
radikal-ekstremist və separatçı qüvvələr tərəfindən dövlətlərdə mövcud sabitliyin
pozulmasına yönəlmiş təxribat xarakterli əməllər - terror aktları, əhali
arasında qorxu və vahimə yarada bilən digər cinayət hadisələri törətmək,
insanlar arasında nifrət, düşmənçilik hisslərini aşılamaq, kibercinayətkarlıq və
s. formada təzahür etdiyini nəzərə çatdırmışdır.
Proksi
qrupların pozuculuq fəaliyyətinin doğurduğu təhdidlərlə mübarizədə ölkələrin səylərinin
birləşdirilməsinin vacibliyinə diqqət çəkən general-polkovnik Əli Nağıyev Bakı
Təhlükəsizlik Forumunun bunun üçün uğurlu başlanğıc olacağına, konfrans çərçivəsində
aparılacaq müzakirələrin, veriləcək təkliflərin birgə əməkdaşlığın səmərəli təşkilinə
əlverişli zəmin yaradacağına inamını ifadə etmişdir.
Ardınca
proksi şəbəkələrdən bəhs edən videoçarx nümayiş olunmuş, sonra xarici nümayəndə
heyətlərinin rəhbərlərinin tədbirin mövzusu ətrafında geniş məruzələri, beynəlxalq
təhlükəsizlik sisteminin üzləşdiyi mənfi təzahürlərlə bağlı çıxışları dinlənilmişdir.
Onlar müasir dövrün aktual problemlərindən olan proksi şəbəkələrin destruktiv fəaliyyətinə
həsr olunmuş tədbirin beynəlxalq səviyyədə vacibliyindən söhbət açaraq sözügedən
mövzuda ilk dəfə keçirilən tədbirin təhlükəsizlik sahəsində dövlətlərarası
münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliklərini bildirmişlər.
Sonda beynəlxalq
konfransın bütün iştirakçılarının mövqeyini əks etdirən Bəyannamənin ilkin
variantı rəy və təkliflərin alınması üçün tərəfdaş ölkələrə təqdim olunmuş,
habelə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri və əbədi rəhbəri, mənalı
ömrünün böyük hissəsini bu orqanlarda xidmətə həsr etmiş Ulu Öndər Heydər
Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq təsis edilmiş müvafiq Forumun gələcəkdə
də keçirilməsi qərara alınmışdır.