20:20
DTX-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunmuşdur
Azərbaycan
təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin anadan
olmasının 100-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət
edərək xalqımızın ümummilli lideri, müasir dövlətimizin memarı və qurucusu,
dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini dərin ehtiramla anmış, məzarı
önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə
gül dəstələri düzülmüşdür.
Daha
sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dahi rəhbərin 100 illik yubileyi ilə
əlaqədar hazırlanmış, təhlükəsizlik orqanlarında Heydər Əliyevlə birlikdə uzun
illər çalışmış veteran əməkdaşların xatirələrindən ibarət “Ulu Öndər
silahdaşlarının xatirələrində” adlı kitab təqdim olunmuşdur.
Tədbir
DTX-nin akt zalında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyətinin ərsəyə gətirdiyi, Heydər Əliyevin təhlükəsizlik təşkilatındakı fəaliyyətindən
başlayaraq müstəqil Azərbaycanın rəhbəri olduğu dövrədək milli maraqların
qorunması yolunda xidmətlərindən bəhs edən “Generalın planı” sənədli filminin təqdimat
mərasimi ilə davam etdirilmişdir. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, filmin
yaradıcı heyətinin üzvləri iştirak etmişlər.
Ulu
Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Dövlət Himni səsləndirildikdən
sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək Azərbaycan təhlükəsizlik
orqanlarında milliləşdirmə prosesinin banisi kimi Heydər Əliyevin doğma Vətəninin
və xalqının mənafelərinə xidmət edən dövlətçilik strategiyasından, təhlükəsizlik
orqanlarında gördüyü mühüm işlərdən ətraflı söhbət açmış, Ulu Öndərin yürütdüyü
uğurlu daxili və xarici siyasət kursunun Azərbaycanın davamlı tərəqqisinə gətirib
çıxardığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
siyasi xətti müvəffəqiyyətlə davam
etdirməsi nəticəsində ölkəmizin durmadan inkişaf edərək dünya arenasında
özünün layiqli yerini tutduğunu xüsusi vurğulamışdır.
Xidmət
rəisi əminliyini bildirmişdir ki, DTX-nin sifarişi əsasında Azərbaycan
Televiziyasının hazırladığı “Generalın planı” sənədli filmi ilə tamaşaçılar Heydər
Əliyevin həyat yoluna bir daha nəzər salmaq, Azərbaycan naminə göstərdiyi misilsiz
xidmətlərlə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Daha
sonra filmin ssenari müəllifi, “Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev, həmin filmin quruluşçu
rejissoru Elnur Məmmədov söz alaraq Heydər Əliyevin əsasını qoyduğu milli təhlükəsizlik
konsepsiyasının xarici siyasət kursunun elementləri ilə vəhdətinin bariz şəkildə
nümayiş olunduğu film barədə geniş məlumat vermiş, sənədli filmin hazırlanması
prosesində qarşılaşdıqları maraqlı məqamlar barədə fikirlərini bölüşmüşlər.
Çıxışlar
bitdikdən sonra general-polkovnik Əli Nağıyev tərəfindən filmin ssenari müəllifi
Rüfət Həmzəyev və quruluşçu rejissoru Elnur Məmmədova mükafatlar təqdim edilmişdir.
Tədbir
“Generalın planı” sənədli filminin nümayişi ilə başa çatmışdır.