14:35
DTX-nin Mədəniyyət Mərkəzində
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş
elmi-praktiki konfrans keçirilmişdir
Ulu
Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin
Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri”
adlı elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Azərbaycan
Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin
komitə sədrləri Ziyafət Əsgərov, Sadiq Qurbanov və digər millət vəkilləri, təhlükəsizlik
orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin
rəhbərləri və professor-müəllim heyətləri iştirak etmişlər.
Konfrans
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda
canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla
yad olunması, Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
DTX-nin
rəisi general-polkovnik Əli Nağıyev tədbiri giriş nitqi ilə açıq elan edərək
qonaqları salamlamışdır. Xidmət rəisi, Heydər Əliyevin mənalı ömrünə nəzər
salaraq Ulu Öndərin Vətəni və xalqının rifahı yolunda misilsiz xidmətlərindən,
bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli
addımlardan geniş söhbət açmışdır. Dahi şəxsiyyətin təhlükəsizlik
orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən general-polkovnik
Əli Nağıyev Heydər Əliyevin bu qurumda şərəfli xidmət nümunələri yaratdığını, təhlükəsizlik
təşkilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd
etmişdir. Bildirilmişdir ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək,
ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyin olunması və
general-mayor rütbəsinə layiq görülməsi yalnız onun fitri istedadı, dərin
analitik təfəkkürü və yüksək bacarıqları nəticəsində mümkün olmuşdur.
Xidmət
rəisi vurğulamışdır ki, daima Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan və
bütün dövrlərdə milli mənafelərin təminatçısı olan Heydər Əliyevin dövlətçilik
strategiyasını müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident cənab İlham
Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət güclü və qüdrətli Azərbaycanı
parlaq gələcəyə, işıqlı sabahlara və yeni-yeni zəfərlərə doğru aparmaqdadır.
Ardınca
qonaqlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr
olunmuş videoçarxa baxmış, daha sonra konfrans digər məruzəçilərin çıxışları ilə
davam etmişdir. Natiqlər belə tədbirlərin keçirilməsinin Heydər Əliyevin peşəkarlıq
irsinin yaşadılması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını xüsusi
qeyd edərək görkəmli dövlət xadiminin həyat yolundan bəhs etmiş və vurğulamışlar
ki, Ulu Öndərin sovetlər dönəmində respublikaya başçılıq etdiyi vaxtlarda Azərbaycanın
tərəqqisi və çiçəklənməsi, Sovet İttifaqına daxil olan ölkələr arasında
qabaqcıl mövqelərdə qərarlaşması Heydər Əliyevin yorulmaz səylərinin bəhrəsi
idi. Çıxışçılar bildirmişlər ki, Azərbaycan müstəqillik qazandıqdan sonra
xilaskarlıq missiyasını uğurla yerinə yetirən və ölkədə ictimai-siyasi
sabitliyi bərqərar edərək Azərbaycanı davamlı inkişaf yoluna çıxaran Heydər
Əliyev müasir dövlətimizin banisi və qurucusu olaraq adını tariximizə qızıl hərflərlə
yazdırmışdır.
Tədbir,
iştirakçıların Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin büstü
qarşısında xatirə fotoşəklinin çəkilməsi ilə yekunlaşmışdır.