10:00
İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilmişdir
Həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən
edilmişdir ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən
Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi
maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən
məxfi əməkdaşlığa cəlb edilmişdir. O, ötən dövr ərzində onların tapşırığı ilə
Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə
istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və
nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin
yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplamışdır.
Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin
şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə
xəyanət etmişdir.
Başqa bir araşdırma ilə müəyyən edilmişdir ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə
müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında
təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq
barədə sövdələşmişdir. Elnur Rəsulov əvvəlcə
bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif
Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən
tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin
keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd
Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların
olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya
festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli
rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin,
eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini
“WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə
göndərmişdir.
Eyni zamanda müəyyənləşdirilmişdir ki, digər Azərbaycan
Respublikası vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran
İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri
ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlamış, onların tapşırığı ilə
xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş
verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları,
o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi
xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr
yaranmışdır.
Həmçinin müəyyən edilmişdir ki, Cəfərzadə Mirhafiz
Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət
əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri
seçilməklə beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Məmmədov Orxan
Kəmran oğlunun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə
qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində
fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə
onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə
sonuncuya göndərmişdir.
Azərbaycan Respublikasının vətəndaşları Zahir Əsgərov,
Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət
məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar.
Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının
tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən
yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və
digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv
kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində
yaradılmış qapalı qruplar ifşa edilmişdir. Məlum olmuşdur ki, bu qruplar vasitəsilə
müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının
Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal,
dini-ekstremist ideyaların yayılması həyata keçirilmişdir.
Hazırda Dövlət
Təhlükəsizliyi Xidmətində kompleks istintaq-əməliyyat tədbirləri davam
etdirilir.