17:55
Moskvada MDB ölkələrinin
xüsusi xidmət orqanları rəhbərlərinin iclası
keçirilmişdir
Oktyabrın 26-da Rusiya
Federasiyasının paytaxtı Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və
xüsusi xidmət orqanları rəhbərləri Şurasının 51-ci iclası keçirilmişdir. Tədbirdə
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi general-polkovnik Əli Nağıyevin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin rəisi general-polkovnik Orxan Sultanovun başçılıq etdikləri nümayəndə
heyətləri iştirak etmişlər.
İclasda MDB dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlər,
bəzi terror təşkilatlarının yenidən fəallaşmasının region ölkələrində hökm sürən
sabitliyə təsirləri, həmçinin informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, beynəlxalq
terrorçuluq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi,
silah qaçaqmalçılığı, eləcə də destruktiv qüvvələrin MDB ölkələrinə nüfuzetmə cəhdləri
və kəşfiyyat-pozuculuq fəaliyyəti, bölgədə olan müharibə və münaqişə
ocaqlarının daim aktiv fazada saxlanılmasına və regionun bəzi ərazilərində silahlı
insidentlərin davamlı xarakter almasına, xarici qeyri-hökumət qeyri-kommersiya
və beynəlxalq təşkilatların “yumşaq güc” vasitələrindən istifadə etməklə MDB məkanında
ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdən əməllərinə qarşı birgə mübarizə barədə
geniş fikir mübadiləsi aparılmış, qarşılıqlı əməkdaşlıq münasibətləri üzrə
müvafiq sənədlər imzalanmışdır.
İclas çərçivəsində Rusiya Federasiyasının
prezidenti Vladimir Putinin tədbir iştirakçıları ilə videoformatda keçirilmiş görüşündə
Rusiya dövlət başçısı çıxış edərək dünyada geosiyasi gərginliklərin gündən-günə
artdığını, bu vəziyyətin Birlik ölkələrinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini
vurğulamış, regional təhlükəsizliyi ciddi risk altına alan hallara effektiv və
operativ reaksiya göstərilməsi üçün xüsusi xidmət orqanları arasında işgüzar təmasların daha sıx təşkil olunmasının vacibliyinə toxunaraq, bu orqanlara gələcək fəaliyyətlərində
uğurlar arzulamışdır.