20:15
Daşkənddə xüsusi xidmət orqanları rəhbərlərinin
iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir
Oktyabrın 19-da Özbəkistan Respublikasının paytaxtı
Daşkənd şəhərində “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və
inkişaf” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Rusiya, İran,
Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın
xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndə heyətləri iştirak etmişlər.
Tədbirdə iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarının
rəhbərləri Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi, sülhün və əmin-amanlığın
təmin olunması, həmçinin regional və qlobal təhlükəsizliyə yönəlmiş təhdidlərin
qarşısının alınması, terrorçuluq və onun təzahürləri ilə, eləcə də sabitliyə mənfi
təsir göstərən digər amillərlə mübarizədə göstərilən birgə səylər barədə fikir
mübadiləsi aparmışlar.
General-polkovnik Əli Nağıyev çıxışında Əfqanıstanda
uzun illərdir hökm sürən mürəkkəb vəziyyətlə əlaqədar respublikamız tərəfindən
bu ölkəyə mütəmadi olaraq göstərilən texniki və humanitar yardımlardan söz
açmış, dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin
vacibliyindən danışmışdır.
Xidmət rəisi bildirmişdir ki, Əfqanıstan uzun zaman
ərzində terrorçu və ekstremist qruplaşmaların əsas fəaliyyət məkanı olmuş, hazırda
yerli hökumət tərəfindən belə halların qarşısının alınması istiqamətində müəyyən
tədbirlərin görülməsinə baxmayaraq, cinayətkar birləşmələrin fəaliyyətinin hələ
də müşahidə olunması Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına mane
olur, Orta Asiyada yerləşən ölkələrlə yanaşı, digər dövlətlərin də milli təhlükəsizliyinə
ciddi təhdidlər yaradır.
Əli Nağıyev çıxışının sonunda Azərbaycanın Əfqanıstanda
təhlükəsizliyin və əmin-amanlığın təminatı üçün göstərdiyi səylərin bundan
sonra da davam etdiriləcəyini söyləmiş, belə bir konfransın keçirilməsinin regionda
və Əfqanıstanda sülh və sabitliyə önəmli töhfə verəcəyinə inamını ifadə
etmişdir.