09:15
Hakimlərə qarşı terrorçuluğa açıq çağırışlar edilməsində şübhəli
şəxs müəyyən olunaraq həbs edilmişdir
2018-ci il iyulun 10-da Gəncə şəhərində
radikal diniyönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn
zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi,
müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən
öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata
keçirmiş hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla,
onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilməsi, eləcə də həmin faktla
bağlı Azərbaycan Respublikası Ali Məhkəməsindən daxil olmuş məlumatla əlaqədar Dövlət
Təhlükəsizliyi Xidmətində müvafiq araşdırmalar aparılmışdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa
açıq çağırışlar) maddəsi ilə başlanılmış cinayət işi üzrə aparılmış kompleks əməliyyat-istintaq
tədbirləri nəticəsində “Facebook” sosial şəbəkəsində Gəncə şəhərində baş vermiş
kütləvi iğtişaşlara görə hökm çıxarmış hakimlərin fotoşəkillərinin əks olunduğu
paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə
ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti
orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cinayət
işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin həyatına sui-qəsd
etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus
sosial şəbəkə profilindən edilməsi müəyyən olunmuş və onun barəsində axtarış
elan edilmişdir.
Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq
həbs edilmiş və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq
baxılması üçün məhkəməyə göndərilmişdir.
Ölkədə ictimai təhlükəsizliyi təhdid edən, ədalət
mühakiməsinə və dövlət orqanlarının fəaliyyətinə qarşı yönələn bu cür əməllərlə
bağlı zəruri hüquqi tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir.