19:35
Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq
əməllərinin qarşısı alınmışdır
Müharibə iştirakçılarının, şəhid ailələrinin, eləcə
də Vətən müharibəsi zamanı zərər çəkmiş vətəndaşlarımızın həyat şəraitinin və
maddi rifah halının yüksəldilməsi ölkədə həyata keçirilən sosialyönümlü siyasətin
prioritet istiqamətlərindəndir. Dövlət orqanlarının bu sahədə fəaliyyətinə kölgə
salan, şəhid ailələrinin və müharibə
iştirakçılarının hüquqlarına, dövlətin qanunla
qorunan mənafelərinə ziyan vuran qanunsuz əməllərin vaxtında aşkar edilərək
qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilməkdədir.
Vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına
qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ
keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil
olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində
cinayət işi başlanılmışdır.
Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü
Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində
iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb, sonuncuların yaşadıqları ərazilər
üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi
quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə
müdiri kimi təqdim etmiş, birdəfəlik maddi yardım verilməsi adı altında onların
vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal
Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri
ilə mobil telefon əlaqəsi yaratmış, onlara dövlət tərəfindən birdəfəlik maddi
yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi
üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən
ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünə məxsus bank
hesabına köçürülməsini təmin edib dələduzluq yolu ilə ələ keçirmişdir.
Bu əməllərinə görə Elvin Əliyev 27 iyul
2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, ona
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və
310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan
olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən
zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat
tədbirləri davam etdirilir.