19:50
Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının
növbəti konfransı keçirilmişdir
İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli
Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilmişdir. Tədbirdə
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın
xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. İclasda
üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilmişdir.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev
çıxışında rəhbəri olduğu qurumun Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları
Konfransının Türk Dövlətləri Təşkilatına qoşulması ilə bağlı təşəbbüsünün tərəfdaş
ölkələr tərəfindən dəstəkləndiyini və bu iclasda bununla əlaqədar Niyyət
Protokolunun imzalanacağını məmnunluqla qeyd etmiş, təşkilatın adının dəyişdirilərək
“Türk dövlətləri xüsusi xidmət orqanları” adlanmasına dair təklif irəli
sürmüşdür. DTX-nin rəisi dünyada cərəyan edən qlobal kataklizmlərin və proseslərin
regionumuzun təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini qeyd edərək türkdilli
dövlətlərin birgə fəaliyyətinə yenidən baxılmasının vacibliyinə toxunmuş, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq,
ekstremizm və radikalizmin yeni təzahürlərinin meydana çıxmasının, müharibə və
münaqişələr nəticəsində müvafiq ölkələrdən qaçqın axının həmin insanlar
arasında olan radikalyönümlü şəxslərin ölkələrarası hərəkət imkanlarının genişlənməsinə
şərait yaratmasının xüsusi narahatlıq doğurduğunu bildirmişdir. Göstərilən məsələlərlə
əlaqədar, türkdilli dövlətlərin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlıq
münasibətlərinin maksimum dərəcədə sıx qurulmasının, qarşılıqlı məlumat və təcrübə
mübadiləsinin daha da effektiv təşkil edilməsinin, birgə səylərin bundan sonra
da əzmlə davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
General-polkovnik Əli Nağıyev bəzi qonşu
ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan
daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin
mütəmadi davam etdirildiyini, həmçinin Ermənistandakı revanşist qüvvələrin təxribat
niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə
çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırmış və bildirmişdir
ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla
belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə
alınacaqdır.
Konfransın sonunda üzv dövlətlər tərəfindən
müvafiq sənədlərin imzalanması mərasimi olmuşdur.