11:55
Məhkumların cəzadan azad
edilməsi üçün saxta elektron sənədlər hazırlayan şəxslər ifşa edilmişlər
Ölkəmizdə
cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən yeni təhlükəli növü olan, kompüter
sistemlərinə qanunsuz müdaxilə hallarını özündə ehtiva edən kibercinayətkarlığa
qarşı qəti mübarizə tədbirləri görülür və cəzanın labüdlüyü prinsipi təmin edilir.
Məhkumların
cəza çəkdikləri dövrdə həqiqi islah olunmaları, törətdikləri əməllərdən səmimi
peşmanlıq hissi keçirmələri, zərərçəkmiş şəxslə barışığa nail olunması və
dəymiş ziyanın aradan qaldırılması həmin şəxslərin daha yüngül rejimli
müəssisəyə keçirilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun
tətbiqində əsas yaradan hallardandır. Lakin bununla belə hüquq mühafizə və məhkəmə
orqanları tərəfindən tətbiq olunan bu humanist yanaşmadan sui-istifadə edilərək
zərərçəkmiş şəxslərin adından saxta barışıq ərizələrinin tərtib olunması, cəzanın
yüngülləşdirilməsi məqsədilə qeyri-qanuni hazırlanmış sənədlərin təqdim edilməsi
halları müşahidə olunmaqdadır.
Belə
ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş
Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş
şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurduğundan Ədliyyə Nazirliyi
tərəfindən araşdırılaraq belə bir razılığın əldə olunmadığı, müvafiq sənədin
kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığı müəyyən edilmişdir. Həmin
əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə
araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunmuşdur.
Faktla
bağlı başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki,
əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sənan Mehdiyev, Ehtibar Mehdiyev
və Vasif İsmayılov azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif
məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından
ziyanın ödənildiyi və barışığın olduğu barədə guya notariat qaydasında təsdiq
olunmuş, üzərində QR kod yerləşdirilmiş saxta ərizələr hazırlamaqla bu
sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan
səhifə yaradaraq orada yerləşdirilməsini təmin etmiş və bununla da həmin
ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilmiş və həqiqiliyi QR
kodla təsdiq edilən sənədlər adı altında təqdim olunmuşdur.
Eyni
zamanda müəyyənləşdirilmişdir ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra
digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya
zərərçəkən tərəflə barışıq əldə olunduğu, ziyanın ödənildiyini göstərən saxta sənədləri
kompüter texnologiyalarından istifadə etməklə hazırlamış və məhkəmə prosesləri
zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edərək cinayət əməllərinə
yol vermişdir.
Sənan
Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma),
273-2-ci (kompüter məlumatlarını
saxtalaşdırma) və 294.3-cü (sübutların
saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət
məsuliyyətinə cəlb olunmuş, yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti isə
dayandırılmışdır.
Hazırda Dövlət Təhlükəsizliyi
Xidməti və Ədliyyə Nazirliyi tərəfindən saxta sənədlərdən istifadə etmiş şəxslərin
tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar
davam etdirilir.