17:20
Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri
keçirilmişdir
İyulun
15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində növbəti
Beynəlxalq Kiber Yay Məktəbinin açılış mərasimi olmuşdur. Ənənəvi olaraq hər il keçirilən tədbirdə DTX-nin, Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin, Təhsil Nazirliyinin rəhbər əməkdaşları, respublikanın aparıcı ali
təhsil müəssisələrinin rektorları, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları
Assosiasiyasının və digər aidiyyəti təşkilatların nümayəndələri, həmçinin layihə
iştirakçısı olan yeniyetmə və gənclər iştirak etmişlər. İyulun
21-dək davam edəcək, təlimləri yerli və xarici mütəxəssislər tərəfindən
aparılacaq yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik
üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək
ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik
sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.
Öncə tədbir iştirakçıları “Bilgəh” İstirahət
mərkəzinin ərazisində nümayiş olunan texnologiya sərgisinə tamaşa etmişlər.
Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunduqdan sonra ötən il
baş tutan “Kiber düşərgə - 2021” yay məktəbinin ən maraqlı məqamlarını özündə
əks etdirən videoçarx göstərilmişdir.
Daha sonra Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov, DTX-nin və Təhsil Nazirliyinin rəhbər əməkdaşları, o cümlədən müvafiq xarici təsisatların
nümayəndələri çıxışlar edərək sözügedən tədbirin iştirakçılar üçün
əhəmiyyətindən, yay məktəbinin yeniyetmələrin kibertəhlükəsizlik, informasiya
təhlükəsizliyi, proqramlaşdırma, süni intellekt və s. sahələrdə dünyagörüşlərini
artırmalarına geniş imkanlar açmasından, kibercinayətkarlığa qarşı mübarizə
üçün gənclərin zəruri savad və vərdişlərə yiyələnmələrinin vacibliyindən bəhs etmişlər.
Builki tədbirə xarici ölkələrdən də yeniyetmələrin qatılması xüsusi vurğulanmış,
yay məktəbinin gənclərin intellektual səviyyələrinin yüksəldilməsinə, innovativ
düşüncələrinin təkmilləşdirilməsinə və onlar arasında bilik mübadiləsinin
aparılmasına önəmli töhfələr verəcəyinə əminlik ifadə olunmuşdur.
Açılış mərasiminin sonunda tədbir iştirakçılarına mədəni proqram təqdim edilmişdir.