16:00
“Güzəştli mənzil” sistemi vasitəsilə
30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv
edilmişdir
Məlumat
verildiyi kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti
layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin
30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata
keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin
qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə
müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının
vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə,
T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılmışlar.
Faktla
bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov,
R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri
Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə)
maddələri ilə məsuliyyətə cəlb edilmişlər. Araşdırmalarla təsbit
edilmişdir ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar
halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi
istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla
reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya
uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli
keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların
ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla
və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər
vurmuşlar.
“Güzəştli
mənzil” sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması
sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada
göstərilməsini həyata keçirir ki, onun da əsas məqsədi mənzilləri güzəştlə
almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və
alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması
zamanı şəffaflığı və operativliyi təmin etməkdir.
Yuxarıda
qeyd edilən araşdırmalar nəticəsində müəyyən edilmiş halların “Güzəştli mənzil”
sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il
tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar
qəbul edilmişdir.
Agentliyin
sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə
keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində
442 mənzilin seçimi yenidən həyata keçiriləcəkdir. Mənzil seçimi prosesinin
yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir.