09:20
“WhatsApp” yazışmalarının ələ
keçirilməsi xidmətini təklif edən şəxs ifşa olunmuşdur
Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog”
adlı “İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində
istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının
kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması
ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarətə
götürülərək araşdırılmışdır.
Məlum olmuşdur ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif
Həmid oğlu “İnstagram” sosial şəbəkəsində “Aztechnolog” (www.instagram.com/xakkerhuseyn)
adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində
“WhatsApp” yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron
ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirmiş,
bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında
olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan
“İnstagram” səhifəsinə göndərmiş, lakin sonra həmin şəxslərin müvafiq səhifəni
idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmamış və onlara ödədikləri
vəsaitin əvəzində heç bir xidmət təqdim edilməmişdir.
Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində
əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs
kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki
vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik
edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirmişdir.
Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə
cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Hazırda araşdırmalar davam etdirilir.