20:15
DTX rəisi ilə
Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi arasında görüş keçirilmişdir
Mayın
12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə
Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah
Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonağı
səmimi salamlayan Əli Nağıyev dövlət başçılarının birgə səyləri
ilə iki qardaş və tərəfdaş ölkə arasında mövcud münasibətlərin ən yüksək səviyyədə
olmasından, ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa bəyannaməsinə uyğun
olaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən bəhs
etmişdir. Regional sabitliyə, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına
Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan Xidmət rəisi bölgədə təhlükəsizliyin
bundan sonra da etibarlı şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha
da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.
Yüksək
qonaqpərvərliyə və isti qəbula görə minnətdarlığını çatdıran türkiyəli qonaq təhlükəsizlik
məsələləri üzrə dövlətlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə
etmiş, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyinə
toxunmuşdur.
Görüşdə
həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlər də müzakirə olunmuşdur.