17:00
DTX-nin hərbi hospitalında beynəlxalq elmi
konfrans keçirilmişdir
2022-ci il 15 mart tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb
baş idarəsinin hərbi hospitalında “SARS-CoV-2 (COVİD-19) kompleks
diaqnostikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans
keçirilmişdir. DTX-nin Hərbi-tibb baş idarəsinin və Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin birgə təşkil etdiyi tədbirdə qeyd olunan tibb müəssisələrinin,
həmçinin Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Azərbaycan
Tibb Universitetinin əməkdaşları, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının və
Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupunun nümayəndələri iştirak
etmişlər.
Azərbaycanın
müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Dövlət Himni səsləndirildikdən
sonra
120 nəfər müvafiq ixtisaslı həkimin əyani, 350-dən
çox həkimin isə onlayn formatda qatıldığı konfransı giriş sözü ilə açan DTX-nin
Hərbi-tibb baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev
iştirakçıları salamlayaraq konfransın əhəmiyyətindən danışmış, ölkəmizdə səhiyyənin
hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq bu önəmli sahədə həyata
keçirilən məqsədyönlü islahatlardan və genişmiqyaslı tədbirlərdən, koronavirus
infeksiyasının yayılmasının vaxtında qarşısının alınması istiqamətində atılan
qabaqlayıcı addımlardan ətraflı bəhs etmişdir.
Sonra çıxış üçün söz Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin
rəisi tibb xidməti general-mayoru Ceyhun Məmmədova təqdim olunmuşdur. O da öz
növbəsində belə mövzuda tədbirin keçirilməsinin vacibliyinə toxunaraq respublikamızda
COVID-19-la mübarizə işinin səmərəli təşkili, infeksiyanın laborator
diaqnostikasının düzgün və vaxtında aparılması üçün respublikamızda lazımi
imkanların mövcudluğundan danışmış, konfransın təcrübə və fikir mübadiləsi
aparmaq üçün əhəmiyyətli bir platforma olduğunu bildirmişdir.
Tədbirdə iştirak edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli
Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və TƏBİB-in Strateji
İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edərək 2 il bundan öncə
başlanan və indiyədək davam edən koronavirusla mübarizədə fədakar həkimlərimizin
qazandığı təcrübədən və səhiyyə sisteminin qısa zaman kəsiyində pandemiyanın
yaratdığı tələblərə uyğun formalaşdırılmasından danışmış, ölkəmizin bu sınaqdan
da alnıaçıq və üzüağ çıxdığını xüsusi olaraq qeyd etməklə əhalinin
vaksinasiyasının uğurla həyata keçirildiyini, səhiyyə sahəsinin mövcud
maddi-texniki bazasının gündən-günə daha da təkmilləşdirildiyini diqqətə
çatdırmışlar.
Daha sonra tədbir “COVİD-19” pandemiyasının və onun yeni növ ştamlarının
ölkələrin epidemioloji durumunda köklü dəyişikliklərə səbəb olması, insan
orqanizminə təsiri və doğurduğu fəsadlar, bu infeksiyanın laborator
diaqnostikası, xəstəlik müddətində edilən müayinələrin təhlili, müvafiq istiqamətdə
Türkiyə təcrübəsinin öyrənilməsi və mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında
iştirakçıların çıxışları və panel müzakirələrlə davam etmişdir.
Tədbirin yekununda iştirakçılar konfransın önəmli töhfələr verəcəyinə əminlik ifadə etmiş, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulamışlar.