17:45
Kütləvi məzarlıqların müəyyən edilməsi tədbirləri davam etdirilir
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən,
işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan
vətəndaşlarının ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində
axtarış tədbirləri həyata keçirilir.
I Qarabağ
müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun
olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş
Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar
aşkar edilmiş, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət
ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilmişdir.
Edilli kəndinin
ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar edilmişdir.
Aşkar olunan meyit qalıqları kütləvi dəfn edilmiş şəxslərin bir hissəsinə
aiddir. Hadisə şahidlərinin məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə
gətirilmiş onlarla Azərbaycan hərbçisinə və yaşayış məntəqələrinin işğalı
zamanı qətlə yetirilmiş mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların
iştirakı ilə kütləvi məzarlıqlarda basdırılmışdır. Edilli kəndinin ərazisində
bir neçə kütləvi məzarlığın olması ehtimal edilir. Məzar yerlərinin axtarışı və
ekshumasiyası işləri mütəxəssislər tərəfindən davam etdirilir.
Edilli kəndində
kütləvi dəfn edilmiş meyitlərin bir hissəsi isə I Qarabağ müharibəsi zamanı Ermənistan
hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılmış və ağır işgəncələr
verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir.
İşğaldan
azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq
edir ki, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq
humanitar hüquq normaları kobud şəkildə pozulmuş və insanlıq əleyhinə törədilmiş
bu cinayət əməlləri özünəməxsus qaydada “məharətlə” gizlədilmişdir.
Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan
edir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ
müharibəsində Ermənistan hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən
törədilmiş müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq
humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin kütləvi məzar yerləri
barədə məlumatların təqdim edilməməsinin məsuliyyəti Ermənistan Respublikasının
üzərində qalır.
İnsanlıq və bəşəriyyət
əleyhinə törədilmiş bu cinayət əməlləri ilə yerində tanış olmaq və beynəlxalq
ictimaiyyətin məlumatlandırılması məqsədilə cari ilin 24 və 25 fevral tarixlərində
xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri Xocavənd rayonunun
Edilli kəndinə və Füzuli şəhərinə dəvət edilmiş, aşkar olunmuş faktlar barədə
onlara ətraflı məlumat verilmişdir.