16:35
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev noyabrın 27-də ölkəmizdə səfərdə
olan İtaliya Respublikasının Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe
Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Söhbət zamanı dövlət başçılarının səyləri nəticəsində iki ölkə
arasında sıx əlaqələrin qurulmasından və mövcud dostluq münasibətlərinin səviyyəsindən
məmnunluq ifadə olunmuş, gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı
fikir mübadiləsi aparılmışdır.
General-polkovnik Əli Nağıyev beynəlxalq müstəvidə ölkələrimizin daim
bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının
alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd
etmişdir. Transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz
dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə,
qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə
birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edən Xidmət rəisi Azərbaycanda
yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sisteminin
formalaşdırıldığını diqqətə çatdırmışdır.
Eyni zamanda, ölkələrin təhlükəsizlik orqanlarının Akademiyaları
arasında işbirliyinin genişləndirilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının
biliklərinin və təcrübələrinin artırılması, kadrların hazırlanması məqsədilə İtaliyanın
müvafiq təhsil ocağında təşkil olunmuş kurslara cəlb olunması xüsusi
vurğulanmışdır.
Səmimi qarşılanmaya və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən
italiyalı qonaq ölkəmizə səfərin onda xoş təəssürat yaratdığını, iki dövlətin çoxşaxəli
əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə
və daha müntəzəm olacağına əminliyini ifadə etmişdir. Yuxarıda sadalanan təhdidlərə
qarşı birgə mübarizənin əhəmiyyətindən də danışan Cüzeppe Zafarana İtaliya ilə
Azərbaycan arasında möhkəm və davamlı tərəfdaşlığın olduğunu demişdir.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı geniş müzakirələr
aparılmışdır.