12:00
2021-ci ilin 6 noyabr tarixində Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında və
Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirlər
keçirilmişdir. Tədbirlərdə DTX əməkdaşları, Vətən müharibəsi qaziləri və
Akademiyanın kursantları iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları
DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin təhsil ocağının
ərazisində ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
“Şöhrət” muzeyində qonaqlara dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyanın
yaranma tarixi və fəaliyyəti, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri
rəhbərinin bu mühüm dövlət təsisatında keçdiyi şərəfli yol barədə məlumat
verilmişdir. Ziyarətçilər muzeydə Ümummilli Liderin mənalı ömür yolunu əks
etdirən fotostendlərlə və digər eksponatlarla yaxından tanış olmuş, Vətən
müharibəsindəki şanlı Qələbəyə həsr olunan sənədli filmə tamaşa etmişlər. Sonra
kursantlarla Vətən müharibəsi qazilərinin səmimi görüşü baş tutmuş, qonaqlara
hədiyyələr təqdim olunmuşdur.
Bunun ardınca DTX-nin Mədəniyyət Mərkəzində təşkil
olunmuş tədbirə qatılan qonaqlar əvvəlcə Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş
qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Dövlət himni səsləndirildikdən sonra DTX-nin Mədəniyyət Mərkəzinin hazırladığı
İkinci Qarabağ müharibəsindən bəhs edən film nümayiş olunmuşdur.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik
Füzuli İmrəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əzmi,
qətiyyəti və yüksək sərkərdəlik bacarığı ilə aparılan 44 günlük haqq savaşında
keçdiyi döyüş yolundan, çiyin-çiyinə vuruşduğu hərbçi yoldaşlarının
igidliyindən və şücaətindən söz açmışdır. Müharibə iştirakçılarına və şəhid
ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan da danışan qəhrəman
zabit F.İmrəliyev DTX əməkdaşlarının Silahlı Qüvvələrin Ali Baş Komandanının əmr
və göstərişlərini bundan sonra da layiqincə icra etməyə hazır olduğunu
bildirmişdir.
Sonra tədbir tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam etmişdir.