10:25
“Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi olmuşdur
Oktyabrın 25-də Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim
Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin
təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi
keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının
katibi general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin
köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi
general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyə
Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak
etmişlər. Oktyabrın 29-dək davam edəcək kursda Azərbaycan Respublikasının 32
dövlət qurumunun 54 nümayəndəsinin milli təhlükəsizliyin müxtəlif aspektlərinə
dair mühazirələrlə çıxışları, praktiki məşğələlər və panel müzakirələr nəzərdə
tutulur. Kursun keçirilməsində məqsəd milli təhlükəsizlik sahəsində mövcud vəziyyətin
və ona qarşı yönələn təhdidlərin qiymətləndirilməsi, milli təhlükəsizliyin təmin
olunmasında aidiyyəti strukturların birgə fəaliyyətinin təkmilləşdirilməsi və
dövlət təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbir Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsinin
bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdır.
İlk olaraq çıxış edən Azərbaycan
Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov belə
bir tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə DTX-nin rəisi
general-polkovnik Əli Nağıyevə, tədbirdə iştirakına görə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi Hikmət Hacıyevə təşəkkürünü ifadə etmişdir. Natiq bildirmişdir ki, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və
xarici siyasət nəticəsində ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır və bu
amil də öz növbəsində respublikada bütün
sahələrin hərtərəfli inkişafına zəmin yaratmışdır. Bu gün Azərbaycanın birbaşa
iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji
layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün
deyildir. Bununla yanaşı qeyd edilmişdir ki, son zamanlarda, xüsusən də Vətən
müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata
keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara
əl atırlar. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə
effektiv mübarizəsindən danışan general-polkovnik Ramil Usubov dövlətin hərbi
potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim
lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə
çatdırmışdır.
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi-Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
çıxış edərək hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin
etibarlı təmin olunmasından danışmış, bu sahədə fəaliyyətin həyata keçirilməsində
ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə
hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən bəhs etmişdir. 30 ilə
yaxın müddət ərzində dövlətimizin təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca
amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən
şöbə müdiri qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi
altında Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv
etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşmışdır.
Tədbirdə çıxış edən DTX-nin
rəisi general-polkovnik Əli Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə
toxunaraq hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı
səylərin birləşdirilməsinin vacibliyindən bəhs etmiş, aidiyyəti qurumların koordinasiyalı
şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışmışdır. Vurğulanmışdır
ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ
də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan
qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti
qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat
aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə
çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün
təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür. General-polkovnik
Əli Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana
qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata
keçirilmiş tədbirlər barədə məlumat vermiş, bəzi vətəndaşların ölkə
hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər
keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən
biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri
törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə
çatdırmışdır. Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin,
koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik
arxitekturasına təsirlərindən də danışan DTX rəisi vurğulamışdır ki, respublikamızda
mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəkdir.
Tədbir iştirakçı müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxış və
mühazirələri ilə davam etmişdir.